Oman sahilləri yaxınlığında üzən tankerlərdən birində partlayış qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarətinin Əlaqələndirilməsi Mərkəzi (UKMTO) məlumat yayıb.
Hadisə paytaxt Maskatdan təxminən 111 km şərqdə baş verib. Gəminin kapitanı partlayışın gövdənin sol tərəfində, su xəttinə yaxın hissədə meydana gəldiyini bildirib. Hazırda gəmi və heyət üçün təhlükə yoxdur, lakin hadisə nəticəsində bir miqdar yanacaq dənizə axıb.
Faktla bağlı araşdırmalara başlanılıb. UKMTO bölgədən keçən gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət müşahidə etdikdə məlumat verməyi tövsiyə edib.