BAKI, 27 may. TELEQRAF
Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Teleqraf xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramovun Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Çin Xalq Respublikasından olan həmkarı Van İ ilə görüşüb
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Nazirlər Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə edərək dinamik siyasi dialoqu, həmçinin ticarət, nəqliyyat, enerji, "yaşıl inkişaf", rəqəmsal transformasiya, kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə genişlənən əməkdaşlığı vurğulayıblar.
Nazirlər həmçinin regional və beynəlxalq hadisələr, eləcə də çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. Tərəflər hər iki ölkənin qarşılıqlı maraqları naminə Azərbaycan və Çin arasında hərtərəfli tərəfdaşlığa olan ortaq öhdəliklərini bir daha təsdiq ediblər", - məlumatda qeyd edilib.