AZ

Çin İran üçün hərəkətə keçdi: Diqqətdə Körfəz ölkələridir

Çin Xarici işlər naziri Vanq Yi və Bəhreynli həmkarı Əbdül Lətif bin Rəşid əl-Zəyani İran və ABŞ arasında silahlı münaqişəyə qəti son qoymaq perspektivlərini müzakirə ediblər.

Musavat.com Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüş 26 mayda Nyu-Yorkda baş tutub:

"Ən təcili vəzifə hərtərəfli və daimi atəşkəsə nail olmaqdır. Beynəlxalq ictimaiyyət sülhməramlı səyləri gücləndirməli, gərginliyi azaltmaq üçün birlikdə çalışmalı və ən əsası təxribatlara və münaqişənin eskalasiyasına müqavimət göstərməlidir".

O, Çinin böhranın həlli üçün Pakistanın, eləcə də digər ölkələrin vasitəçilik səylərini dəstəklədiyini aydınlaşdırıb. Nazir bildirib ki, Çin hakimiyyəti Yaxın Şərqdə uzunmüddətli sülh və sabitlik naminə bu məsələyə siyasi həll yolu tapmaq üçün Bəhreyn və BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə sıx əməkdaşlıq etməyə hazırdır.

Vanq Yi qeyd edib ki, Bəhreyn Təhlükəsizlik Şurasının üzvüdür və eyni zamanda Körfəz Əməkdaşlıq Şurasının rotasiyalı sədrliyini həyata keçirir. O, əlavə edib ki, Pekin Bəhreynin Çinlə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı mövqeyini yüksək qiymətləndirir və onların möhkəmləndirilməsinə, eləcə də ərəb dünyası ilə əlaqələrə töhfə verməyə hazırdır: "Çin Yaxın Şərqdə və Fars körfəzi bölgəsində sülhün və əmin-amanlığın tezliklə bərpa olunmasına səmimi qəlbdən ümid edir". O, Çin rəhbəri Si Cinpinin vəziyyəti sabitləşdirmək və "heç bir əsası olmayan müharibəyə son qoymaq" üçün təkliflər irəli sürdüyünü xatırladıb.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, əl-Zəyani qeyri-sabit beynəlxalq vəziyyət fonunda Çinin sülhü bərpa etmək səylərinin aktuallığını qeyd edib. Bəhreynli diplomat ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə, Pekinin Körfəz ölkələri ilə əlaqələrinin möhkəmlənməsinə kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib və müvafiq məsələlərin həllində daha böyük rol oynayacağına ümid etdiyini bildirib.

Musavat.com

Seçilən
73
musavat.com

1Mənbələr