ain.az, futbolpress-az saytına istinadən bildirir.
“Sabah” 2018-ci ildə Premyer Liqaya yüksələndən klubun prezidenti Maqsud Adıgözəlovla müsahibə edirik. Ənənə davam edir. Bu dəfə ölkə çempionatının və kubokunun qalibi kimi…
– Sizinlə ildə iki dəfə müsahibə edirik, ilin və mövsümün yekunu. Bu dəfə mövsümün panoraması ilə bağlı fikirlərinizi bilmək istərdim. “Qızıl dubl” etdiniz…
– Əlbəttə, bu mövsümü uğurlu adlandırmaq olar. Amma mən həmişə demişəm ki, bizim üçün əsas olan təkcə nəticə deyil, inkişaf prosesidir. Səkkiz il əvvəl Premyer Liqada debüt edəndə də məqsədimiz mümkün olan ən yaxşı nəticəyə nail olmaq idi. Sadəcə, o dövrdə reallıq tam fərqli idi.
Valdas Dambrauskas gələndən sonra klubun inkişafı ilə bağlı strategiyamızı yenidən müəyyənləşdirmişdik. Ötən mövsüm liderlə aramızda çox böyük xal fərqi var idi. Məqsədimiz bu fərqi hər il azaltmaq və nəticədə arzuladığımız səviyyəyə çatmaq idi. Sevindirici haldır ki, bu proses gözlədiyimizdən daha sürətli baş verdi və biz çempion olduq. Təbii ki, heç kim mövsümün əvvəlində çempion olacağına zəmanət verə bilməz. Futbolda belə şeylər olmur. Amma biz hər gün bu məqsəd üçün çalışırdıq və sonda həm çempionluq, həm də kuboku qazandıq.
Bu uğur təkcə klubun deyil. İlk gündən bizimlə olan azarkeşlərimizin, əməkdaşlarımızın, məşqçilərimizin və futbolçularımızın uğurudur. Onların zəhməti və dəstəyi olmadan bu yolu keçmək mümkün olmazdı. Bu gün xoşbəxtik, amma eyni zamanda anlayırıq ki, qarşıda bizi daha böyük çağırışlar gözləyir. İndi əsas vəzifə bu uğuru davamlı etmək və klubu növbəti mərhələyə daşımaqdır.
– 2018-ci ildən klubun prezidentisiniz. Bu dönəmdə klub necə böyüdü, rəhbər kimi sizdə hansı dəyişiklik oldu?- Çempionluq rəsmiləşəndə maraqlı hisslər yaşadım. Açığı, bir neçə dəqiqə sakitcə oturmuşdum. Sonra klubun icraçı direktoru ilə danışdıq, emosional söhbət oldu. Daha sonra düşündüm ki, biz illərlə bu gün üçün çalışmışıq və bu anın dadını çıxarmaq lazımdır. Çünki çox keçmədən artıq növbəti mövsümün planlaşdırılması başlayacaq və yenidən iş rejiminə qayıdacağıq. Mənim üçün ən vacib hiss məhz görülən işin nəticəsini görmək idi. Açığı, bu gün medalımın harada olduğunu belə bilmirəm. Çempion olduğumuzu hiss etmək üçün medala ehtiyac yoxdur. Bu hiss insanın daxilində olur.
– “Qızıl dubl” olacağı ehtimalı neçə faiz idi? Çıxışınız liqada çempionluğa işarə verirdi, amma iki kubok…
– İnanmaq başqa şeydir, əmin olmaq başqa. Əlbəttə ki, hər mövsümə maksimum hədəflərlə başlayırsan. Amma futbolda heç nə əvvəlcədən təmin olunmur.
Kubokun finalını xatırlayaq. Oyunun əvvəlində qol buraxdıq. Qarşımızda çox yaxşı təşkilatlanmış və intizamlı komanda var idi. Belə oyunda nəticəni əvvəlcədən bilmək mümkün deyil. Ona görə də düşünürəm ki, finaldan əvvəl şanslar bərabər idi. Oyunun gedişində üstünlüyümüz hiss olunurdu, amma start fitindən əvvəl heç kim qalibin kim olacağını dəqiq deyə bilməzdi.
– Çempionluq möhtəşəm hiss və nailiyyətdir. Amma bunun məsuliyyəti də böyükdür, hədəflər, büdcə artmalıdır.
– Böyük büdcə həmişə böyük nəticə demək deyil. Əsas məsələ vəsaitin necə istifadə edilməsidir. Bizim maliyyə strategiyamız var və bütün qərarlar həmin strategiya çərçivəsində qəbul olunur. Klubun inkişafı planlı şəkildə getməlidir. Emosional qərarlar uzunmüddətli uğur gətirmir.
– “Sabah”ın qrup mərhələsinə yüksəlməyini gözləyənlər çoxdur..
– Klub tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edəcəyik və bu özü böyük hadisədir. Eyni zamanda reallığı da başa düşürük. Reytinqimiz yüksək deyil və mübarizəyə ilk mərhələdən başlayacağıq. Qarşıda çox çətin rəqiblər ola bilər. Amma biz Avropaya sadəcə iştirak etmək üçün getmirik. Məqsədimiz Azərbaycanı layiqincə təmsil etmək, maksimum uzağa getmək və klub tarixində yeni səhifələr yazmaqdır. Əgər liqa mərhələsinə yüksələ bilsək, bu həm maliyyə baxımından, həm də klubun inkişafı baxımından yeni imkanlar yaradacaq. Lakin bu, strategiyamızı dəyişməyəcək. Biz yenə də planlı şəkildə inkişaf etməyə davam edəcəyik.
– Belə başa düşdüm ki, heyətlə bağlı köklü dəyişikliklər olmayacaq? İki cəbhədə – həm avrokubok, həm ölkə çempionatında mübarizə aparacaqsınız, bunun üçün resurs çox olmalıdır.
– Hədəflərimizə uyğun olaraq heyəti gücləndirməyə çalışacağıq. Amma transfer bazarının öz qanunları var. May ayında futbolçular daha çox gözləyirlər, müxtəlif variantları qiymətləndirirlər. Avqusta yaxın isə bazarda vəziyyət dəyişir və maraqlı imkanlar yaranır.
Bizim üçün əsas meyar keyfiyyətdir. Bəzən hazır futbolçular transfer edirsən, bəzən isə potensialına inandığın oyunçulara şans verirsən. Maluda buna yaxşı nümunədir. Digər tərəfdən Puxaç və Simiç kimi özünü sübut etmiş futbolçular da komandaya böyük fayda verirlər. Transfer siyasətində balans vacibdir. Həm gələcəyi düşünməlisən, həm də bugünkü nəticəni.
– Çoxu düşünürdü ki, “Qarabağ”la bu qədər fərq olmaz. Bu anda pozitiv düşünənlər, ölkə futbolunda yeni brendin çıxdığını deyənlər də oldu, eyni zamanda neqativ düşünənlər də. Neqativ düşünənlər isə daha çox “Sabah”a hakimlərin kömək etdiyini və “Qarabağ”ın diqqətinin liqada olmamasını iddia edirdilər. Belə neqativ fikirlərə münasibətiniz?
– Açığı, belə fikirlər bizim işimizə təsir etmirdi. Biz heç vaxt belə çirkli oyunların iştirakçısı olmamışıq, bundan sonra da olmayacağıq. Məncə bunu hamı bilir. Ancaq öz futbolumuza köklənirik. Komandamızın inkişafı barədə düşünürük. Kimsə bu cür yanlış məlumatlar yaymaqla bizim inkişafımıza mane olacağını, bizi təzyiq altında saxlayacağını düşünürdüsə yanıldı.
Biz klub daxilində yalnız öz oyunumuz və növbəti matç haqqında düşünürdük. Kimsə hansısa fərziyyələr səsləndirə bilər, bu normaldır. Futbol emosiyaların olduğu sahədir. Amma mən həmişə düşünmüşəm ki, diqqət komandaların meydanda göstərdiyi futbola yönəlməlidir. Mövsüm boyu maraqlı oyunlar izlədik, güclü rəqabət gördük, stadionlara daha çox azarkeş gəldi. Bunlar daha vacib mövzulardır.
– Hakim qərarlarını qabardanlara qısa münasibətiniz necədir?
– Münasibətim yoxdur.
– Dambrauskas daha yaxşı alındı. Onunla yol necə nəzərdə tutulub? İlk mövsümündə böyük uğur qazandı, ideoloji olaraq, növbəti planlar nədir? Onunla hədəflər barədə danışmısınızmı və münasibəti nədir?
– Məncə, onun işi hər kəs üçün görünür. Ümumiyyətlə, son illərdə müxtəlif məşqçilərlə çalışmışıq və hər birinin klubun inkişafında öz rolu olub. Hər qərarı həmin dövrün şərtlərinə uyğun qiymətləndirmək lazımdır. Bu gün isə düşünürəm ki, biz öz məşqçimizi tapmışıq. İndi əsas vəzifə əməkdaşlığın uzunmüddətli olması üçün lazım olan bütün şəraiti yaratmaqdır. Futbolda heç vaxt heç nəyə yüz faiz zəmanət vermək olmaz. Təkliflər olur, maraq olur. Bu normal prosesdir. Amma biz əlimizdən gələni edəcəyik ki, birlikdə uğurlu yolumuza davam edək.
– Mövsümün əsas hadisələrindən birinə keçək, neqativ olsa da… “Qarabağ”la liqa oyununda məşqçiniz Valerio Zuddasın qeyri-etik hərəkəti çox gündəm oldu. Sizcə, bu məsələ niyə belə şişdi?
– Düşünürəm ki, həmin hadisələr meydanda qaldı və orada da qalmalıdır. Bu gün daha çox futbol haqqında danışmaq istəyirəm. Bu mövsüm Azərbaycan futbolunda maraqlı proseslər gördük. Böyük oyunlara minlərlə azarkeş gəldi, stadionlarda yaxşı atmosfer yarandı, rəqabət artdı. Məncə, diqqətimizi məhz bunlara yönəltmək lazımdır.
– Legioner limitinin ləğvi çox tənqid olundu. Siz qeyd etdiyiniz amillər tək “Sabah”ın deyil, ümumilikdə çempionatın inkişafını göstərən detallardır. Sizcə, limitin ləğvinin bu prosesə, paralel olaraq da “Sabah”ın yüksəlişinə pozitiv təsiri oldumu?
– Məncə, bunun müsbət təsiri var. Bu gün çempionatda daha maraqlı oyunlar görürük. Rəqabət artıb. Futbolçular da başa düşürlər ki, əsas heyətdə yer almaq üçün daha çox çalışmalıdırlar. Mən həmişə hesab etmişəm ki, inkişafın əsasında rəqabət dayanır. Bizim akademiyada son illərdə əldə olunan nəticələr göstərir ki, düzgün sistem qurulanda futbolçular inkişaf edir. Bu gün müxtəlif klublarda oynayan və akademiyamızdan çıxan futbolçular var. Yaxşı futbolçu üçün əsas məsələ limit deyil. Əgər kifayət qədər keyfiyyətlidirsə, istənilən halda öz yerini tapacaq.
– Maqsud bəy, “Sabah” akademiyada böyük işlər görür. Görünür, 2-3 il sonra yaxşı yerli futbolçu kütləsi yaranacaq. Sizcə, belədə yenidən limitə baxmalı olacağıq?
– Əlbəttə. Əgər ölkədə çoxlu sayda yüksək səviyyəli yerli futbolçu yetişərsə və onlar üçün əlavə mexanizmlərə ehtiyac yaranarsa, bu mövzunu yenidən müzakirə etmək olar. Amma hazırda mən hesab edirəm ki, çempionatın inkişafı, rəqabətin artması və Azərbaycan futbolunun beynəlxalq bazarda daha çox diqqət çəkməsi baxımından açıq rəqabət daha faydalıdır. Bu gün artıq xarici klubların bizim futbolçulara maraq göstərdiyini görürük. Bu proses davam edərsə, Azərbaycan futbolunun bazar dəyəri də artacaq. İnanıram ki, bu inkişaf davamlı olacaq və qarşıdakı illərdə bunun nəticələrini daha aydın görəcəyik.
Elçin Cəlilov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.