AZ

“Erkən kəsim” niyə qida təhlükəsizliyi probleminə çevrilir? - OXUYUN XƏBƏRİNİZ OLSUN

Mütəxəssis: Tam yetişmiş heyvanlardan əldə olunan ət həm sağlamlıq, həm də keyfiyyət baxımından daha üstün sayılır

Son illər qida təhlükəsizliyi və sağlam istehlak məsələləri daha da aktuallaşması səbəbindən heyvandarlıq sahəsində mövcud problemlərin aradan qaldırılması istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin başladığı “Erkən kəsimə son” kampaniyası xüsusilə diqqət çəkir. Kampaniyanın əsas məqsədi kiçik yaşlı heyvanların vaxtından əvvəl kəsilməsinin qarşısını almaq, heyvan genofondunun qorunmasına nail olmaq və damazlıq heyvanların sayının azalmasının qarşısını almaqdır. Mütəxəssislər hesab edirlər ki, erkən kəsim yalnız heyvandarlığın gələcək inkişafına deyil, eyni zamanda ətin keyfiyyətinə, qida dəyərinə və istehlakçı sağlamlığına da mənfi təsir göstərir. Xüsusilə Qurban bayramı ərəfəsində ətə tələbatın artdığı dövrdə bu məsələnin aktuallığı daha da yüksəlir. 

Bəs “Erkən kəsimə son” kampaniyası qida təhlükəsizliyi və sağlam qidalanma baxımından nə dərəcədə əhəmiyyətlidir? Bu təşəbbüs istehlakçıların daha keyfiyyətli və faydalı ət məhsullarına çıxışına necə təsir göstərə bilər? Qurban bayramı dövründə vətəndaşlar ətin seçilməsi, kəsim prosesi, saxlanılması və istehlakı zamanı hansı vacib qida təhlükəsizliyi qaydalarına diqqət etməlidirlər?

Vaxtından əvvəl kəsim süfrəyə də təsir edir

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ətin tərkibində olan zülal, dəmir və digər faydalı maddələr insan orqanizmi üçün mühüm əhəmiyyət daşıyır. Lakin “erkən kəsim” zamanı, yəni daha az yaşlı və tam inkişaf etməmiş heyvanlardan əldə olunan ətin qida dəyəri nisbətən aşağı olur: "Belə heyvanlarda əzələ toxuması tam formalaşmadığı üçün ət daha yumşaq görünə bilər ki, bu da bəzi istehlakçılar üçün cəlbedici hesab olunur və erkən kəsimə marağı artıran əsas amillərdən biridir. Ancaq nəzərə almaq lazımdır ki, daha keyfiyyətli, faydalı və qida dəyəri yüksək olan ət məhz vaxtında kəsilmiş heyvanlardan əldə edilir.

Normal yetişmə dövrünü tamamlamamış heyvanlardan alınan ətin həm qidalılıq göstəriciləri aşağı olur, həm də saxlanmaya davamlılığı zəifləyir. Bu cür məhsullar daha tez xarab ola bilər və qida təhlükəsizliyi baxımından müəyyən risklər yaradar. Tam yetişmiş heyvanlardan əldə olunan ət isə həm istehlakçı sağlamlığı, həm də keyfiyyət baxımından daha üstün hesab olunur. Buna görə də “Erkən kəsimə son” kimi təşəbbüslər yalnız istehlakçıların sağlamlığının qorunmasına deyil, eyni zamanda, heyvandarlıq sahəsində standartların yüksəldilməsinə və daha sağlam məhsul istehsalına xidmət edir. Xüsusilə bəzi hallarda heyvanın çəkisinin az olması səbəbindən erkən kəsimə üstünlük verilməsi düzgün yanaşma deyil və bu məsələyə daha məsuliyyətli yanaşmaq vacibdir".

Baytarlıq nəzarətindən keçməyən məhsullar risk daşıyır

Qida mütəxəssisi qeyd etdi ki,  Qurban bayramı dövründə ətə tələbatın artması bəzən qiymətlərin süni şəkildə yüksəlməsinə də səbəb olur. Bu səbəbdən vətəndaşlar yüksək qiymətli məhsulun avtomatik olaraq daha keyfiyyətli olduğu düşüncəsinə qapılmamalıdırlar: "Ət alarkən məhsulun mənşəyinə, baytarlıq nəzarətindən keçib-keçməməsinə, satış yerində sanitar-gigiyenik qaydalara əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, ətin rəngi, qoxusu və ümumi görünüşü də keyfiyyət göstəricilərindəndir. Təbii və keyfiyyətli ətin rəngi parlaq, qoxusu isə özünəməxsus yüngül ət qoxusu olmalıdır. Ətin səthi yapışqan olmamalı, elastikliyini qorumalıdır. Barmaqla basıldıqda yaranan çuxur qısa müddətdə bərpa olunursa, bu, məhsulun təzə olduğunu göstərir.

Əgər ətin səthində yapışqanlıq varsa, rəngi həddindən artıq tünd və ya çox açıqdırsa, parıltısı yoxdursa, həddindən artıq suludursa və ya məhsulun baytarlıq nəzarətindən keçdiyini təsdiqləyən sənədlər təqdim olunmursa, belə məhsullar riskli hesab edilir və onların alınması tövsiyə olunmur. Xüsusilə Qurban bayramının isti aylara təsadüf etdiyi dövrlərdə ətin düzgün temperatur rejimində saxlanılması son dərəcə vacibdir. Ət soyuducu şəraitdə mühafizə olunmalıdır. Əks halda, onun tərkibində mikroorqanizmlər sürətlə çoxalaraq insan sağlamlığı üçün təhlükə yarada bilər".

Ucuz məhsulun arxasında gizlənən təhlükələr

M. Hüseynova diqqətə çatdırdı ki, bəzən mənşəyi məlum olmayan, düzgün saxlanılmayan və keyfiyyətsiz məhsullar daha ucuz qiymətə satışa çıxarılır. Bu cür məhsullar ciddi risk daşıdığı üçün istehlakçılar seçim zamanı diqqətli olmalıdırlar. Daha sağlam və təhlükəsiz ət məhsullarından istifadə etmək üçün qida təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl olunması vacibdir.

Nigar Orucova, "İki sahil"

Seçilən
31
ikisahil.az

1Mənbələr