Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-York şəhərində Çinin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda keçirilmiş açıq müzakirələrdə iştirak və çıxış edib.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, nazir çıxışında Azərbaycanın beynəlxalq hüquqa, multilateralizmə və BMT-nin bugünkü qlobal çağırışların həllində mərkəzi roluna güclü bağlılığını bir daha təsdiqləyib.
C. Bayramov vurğulayıb ki, artan geosiyasi qütbləşmə, güclənən unilateralizm və beynəlxalq hüququn davamlı pozulması şəraitində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə müdaxilə edilməməsi prinsiplərinə universal və qeyri-seçici şəkildə riayət olunmasının təmin edilməsi vacibdir.
Çıxışda beynəlxalq hüquqa zidd əməllərə görə hesabatlılığın gücləndirilməsinin, ədalətin bərqərar edilməsinin və münaqişənin dağıdıcı nəticələrini aradan qaldıran ölkələrə köçkün əhalinin təhlükəsiz, könüllü və ləyaqətli geri qayıdışının təmin edilməsində dəstək göstərilməsinin vacibliyi vurğulanıb.
Nazir Azərbaycanın BMT Nizamnaməsinin pozulmasının və beynəlxalq hüququn tətbiqindəki çatışmazlıqların ağır nəticələrini yaşamış ölkə olduğunu qeyd edib. Bununla belə, Azərbaycanın hazırda regional sabitliyə töhfə verən aparıcı dövlətlərdən biri kimi sülh gündəliyinin təşviqinə əməli addımlarla davam etdiyini vurğulayıb.
Nazir həmçinin inkişaf etməkdə olan ölkələrin maraqlarını və təmsilçiliyini daha yaxşı əks etdirmək üçün Təhlükəsizlik Şurasının islahatı da daxil olmaqla, daha effektiv, inklüziv və operativ BMT sisteminin yaradılmasının təxirəsalınmaz zərurətini qeyd edib.
Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29 və Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasına ev sahibliyi, eləcə də hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi vasitəsilə qlobal multilateralizmə davamlı töhfəsi bir daha təsdiqlənib.