AZ

28 May Müstəqillik Günü – xalqımızın milli qürur günüdür

Müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 108 il keçir. 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verdi, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu.

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində mühüm yer tutur. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi”. Azərbaycan Xalq Cümhuriyyəti həm də bütün Şərqdə, о cümlədən Türk-İslam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1918-1920-ci illərdə Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı, milli ordusu təşkil edilmiş, müstəqil dövlətçilik atributları yaradılmış, Azərbaycan dili dövlət dili elan edilmişdir. Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq mövcudluğu ərzində böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Qadınlara ilk dəfə seçki hüququnun verildiyi və qadın-kişi bərabərliyini təmin edildiyi Cümhuriyyətdə milli ordu quruculuğu, Milli Bankın yaradılması və milli valyutanın tətbiqi, demokratikləşmə, azad seçkilərin təşkili istiqamətində son dərəcə mühüm addımlar atıldı. Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Həmin dövrdə Naxçıvan daxili və xarici maraqların toqquşduğu əraziyə çevrilmişdi. Fürsətdən istifadə edən ermənilərin işğal planları isə vəziyyəti daha da çətinləşdirmişdi. Belə bir vəziyyətdə – 1918-ci ilin noyabrında Naxçıvanda yaradılmış Araz-Türk Cümhuriyyəti Naxçıvanın Ermənistan daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını almış və tarixi Azərbaycan torpaqlarını qoruyub saxlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Naxçıvanla bağlı mövqeyi və yerli sakinlərin siyasi iradəsi isə sonrakı dövrdə Azərbaycanın tərkibində Naxçıvanın muxtariyyət statusu qazanmasında mühüm rol oynamışdır.

XX əsrin əvvəllərində milli hökumətimizin keçdiyi şərəfli yol əsrin sonlarında müstəqillik üçün siyasi və tarixi əsas yaratmışdır. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Bu tarixi varislik ənənələrinin yaşadıldığı və müstəqilliyin əsasının qoyulduğu ilk yer isə Naxçıvan olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərməsi dövlətçiliyimizi və müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvanda qaldırılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev həmin tarixi dövrü belə dəyərləndirmişdir: “1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmışdır və təsis etmişdir. Əslində, müstəqilliyə gedən yol bu tarixi andan başlamışdır”.

Həqiqətən də tarix göstərdi ki, Ümummilli Liderimizin 1990-1993-cü illərdə Naxçıvanda dövlət müstəqilliyimizin bərpası ilə bağlı qəbul etdiyi tarixi qərarlar Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur. Ölkə Prezidenti cənab İlham Əliyev bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sabitliyin və inkişafın təminatçısına çevirib. Milli istiqlal tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti müstəqillik tariximizdə böyük siyasi-iqtisadi, mədəni hadisələrin əsasını qoyub. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib.

Ümummilli Lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Müstəqilliyimiz möhkəmləndirilib, sosial-iqtisadi inkişaf təmin edilib, güclü ordu yaradılıb. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması bunu bir daha təsdiqdir. Bu gün Azərbaycan iqtisadi, siyasi, hərbi gücünə görə artıq regionda lider mövqe tutub, müstəqilliyimizin verdiyi bəhrələr sayəsində ölkəmiz dünyada söz sahibi olan qüdrətli respublika kimi nüfuz qazanıb.

Ümummilli Liderimiz Heydər Əliyevin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Bu gün güclü ordusu, güclü iqtisadiyyatı və ən əsası, güclü lideri olan Azərbaycan öz müstəqilliyinin böyük qürur və fəxarət hissi ilə qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi varisi olan müasir Azərbaycanın bundan sonrakı gələcəyi isə daha parlaqdır.  Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasi xəttin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində qazanılan uğurlar, ölkəmizin inkişaf etməkdə olan ölkələr sırasında inamla irəliləməsi bir daha sübut edir ki, dahi şəxsiyyət Heydər Əliyevin dediyi kimi “Azərbaycanın müstəqilliyi əbədi, daimi və dönməzdir!”

Gülxarə Tarverdiyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Seçilən
37
ikisahil.az

1Mənbələr