AZ

Rusiyanın 3 şəhərinə ağır zərbələr ENDİRİLDİ

Ukrayna Rusiyanın Taqanroq, Voronej və Tuapse şəhərlərində yerləşən hərbi və enerji obyektlərinə zərbələr endirib.

Redaktor.az xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusar mayın 27-si səhər saatlarında hava hücumu zamanı Taqanroq üzərində bir raketin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

Onun sözlərinə görə, raket qalıqlarının düşməsi nəticəsində iki qadın xəsarət alıb. Yaralılardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qubernator bildirib ki, raketin fraqmentləri Tsiolkovski küçəsinə düşüb. Həmin ərazidə 325 saylı Aviasiya Təmir Zavodu yerləşir.

“Astra” nəşrinin şahid görüntülərini təhlilinə əsasən, hücumdan sonra zavod ərazisində güclü yanğın başlayıb. Müəssisə An-12, An-72 və İl-76 hərbi-nəqliyyat təyyarələrinin, Su-24 cəbhə bombardmançılarının, Su-25 hücum təyyarələrinin, həmçinin Mi-8 və Mi-24 helikopterlərinin təmiri üzrə ixtisaslaşıb. Zavod Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən Avropa İttifaqı, ABŞ və Ukraynanın sanksiyalarına məruz qalıb.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə bildirib ki, səhər saatlarında Voronej səmasında “iki yüksək sürətli hədəf” aşkarlanaraq məhv edilib.

“Xəsarət alan yoxdur. Düşən qalıqlar təkər təmiri məntəqəsinə və məişət vaqonuna ziyan vurub”, – deyə o qeyd edib.

Ukraynanın “Exilenova+” monitorinq kanalı iddia edir ki, söhbət Voronejdə yerləşən “Baltimor” hərbi aerodromuna atılan “Storm Shadow” raketlərindən gedir. Həmin aerodromda Su-34 təyyarələrinin yerləşdiyi bildirilir. Zərbədən sonra aerodrom üzərində qara tüstü sütununun yüksəldiyi qeyd olunur.

Bundan başqa, ötən gecə Krasnodar diyarının Tuapse şəhərində yerləşən neft emalı zavodu da yenidən hücuma məruz qalıb. “Astra”nın yaydığı görüntülərdən müəssisənin zədələnib-zədələnmədiyi aydın görünmür. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Seçilən
19
redaktor.az

1Mənbələr