Fransada siyasi varislik mübarizəsi başlayıb
Deyəsən Fransa siyasətində uzun müddətdir gözlənilən proses artıq başlayıb. Söhbət Makron dövrünün sonunun çatmasından gedir. Bu günlərdə keçmiş baş nazir Qabriel Attal 2027-ci il prezident seçkilərində namizədliyini elan edib. Bu da Fransada yeni güc balansının formalaşmağa başladığını göstərir. Ümumən son dövrlər Avropada müşahidə olunan siyasi transformasiyalar fonunda rəsmi Parisin daxil olduğu mərhələ xüsusilə diqqət çəkir. Çünki əsas məsələ Fransa dövlət modelinin, mərkəzçi siyasətin və Avropa liberalizminin gələcək taleyidir.
Maraqlı məqam odur ki, Qabriel Attal namizədliyini Paris əvəzinə Aveyron bölgəsində elan edib. Məlumdur ki, uzun illərdir Fransa siyasətində elitizm, paytaxt mərkəzçiliyi və böyük şəhərlərin üstünlüyü ciddi narazılıq yaradırdı. “Sarı jiletlilər” etirazlarından sonra problem daha açıq görünməyə başladı. Regionlarla Paris arasında yaranan sosial, iqtisadi və psixoloji məsafə Fransanın əsas siyasi böhranlarından birinə çevrildi. Attal məhz bu səbəbdən siyasi kampaniyasının başlanğıcını kənd bölgəsindən etdi. Qısaca o, özünü sistemin içindən çıxmış, lakin sistemi dəyişmək istəyən yeni nəsil siyasətçi kimi təqdim etməyə çalışdı.
Əslində Attalın qarşısında duran əsas problem Emmanuel Makronun kölgəsindən çıxmaqdır. Çünki Fransa cəmiyyətində Makrona münasibət ikilidir. Bir tərəfdən o, Avropa İttifaqının ən güclü liderlərindən biri kimi qəbul olunur, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Avropanın təhlükəsizlik arxitekturasında fəal rol oynayır. Digər tərəfdən isə Makron sosial bərabərsizlik, pensiya islahatları, miqrasiya və həyat səviyyəsinin aşağı düşməsi ilə bağlı ciddi ictimai narazılıqla üzləşir. Xüsusilə orta təbəqə və kənd bölgələrində o “elit prezident” obrazı ilə assosiasiya olunur.
Ona görə də Q.Attal indi çox incə siyasi xətt üzərində hərəkət etməlidir. Yəni həm Makron elektoratını itirməməli, həm də Makronizmə qarşı yaranmış narazılıqdan uzaq görünməlidir. Bu isə olduqca çətin və riskli strategiyadır. Çünki Attal illərlə Makron hökumətinin əsas simalarından biri olub. Əvvəlcə hökumət sözçüsü, və təhsil naziri olan Attal daha sonra Baş nazir postuna qədər yüksəlmişdi. Elə bu səbəbdən onun yeni siyasətçi imici yaratması müəyyən skeptisizmlə qarşılanır. Lakin Attalın üstünlükləri də az deyil. O, Fransa siyasətinin ən gənc və mediatik fiqurlarından biridir. Müasir kommunikasiya dili, sosial mediadan istifadə bacarığı və televiziya debatlarındakı sərt üslubu onu ənənəvi fransız siyasətçilərindən fərqləndirir. Fransa siyasətində uzun illər texnokratik və ağır siyasi dil dominant olub. Attal isə daha sürətli, emosional və birbaşa ünsiyyət modelinə üstünlük verir. Bu xüsusilə gənc seçicilər arasında müəyyən maraq yaradır.
Nəzərə almaq lazımdır ki, Fransa da əvvəlki Fransa deyil. Son on ildə ölkənin siyasi sistemi fundamental dəyişikliklərə məruz qalıb. Bir vaxtlar ölkənin əsas siyasi sütunları sayılan sosialistlər faktiki olaraq zəifləyib. Makronun yaratdığı mərkəzçi model bir müddət bu boşluğu doldura bilsə də, indi o da tükənmək üzərədir. Cəmiyyətin müxtəlif təbəqələri artıq daha radikal, sərt və emosional siyasət tələb edir.
Bu vəziyyətdə ən böyük üstünlük ifrat sağın əlində görünür. Marin Le Pen və Cordan Bardella tandemi artıq Fransa siyasətinin marjinal qüvvəsi hesab edilmir. Onlar sistemin real alternativinə çevriliblər. Xüsusilə miqrasiya, təhlükəsizlik, islam radikalizmi, enerji böhranı və milli kimlik məsələləri ifrat sağın mövqelərini gücləndirib. Fransa cəmiyyətində getdikcə daha çox insan hesab edir ki, ənənəvi siyasi qüvvələr ölkənin problemlərini həll edə bilmir. Qabriel Attalın namizədliyi də məhz bu fonda meydana çıxır. Çünki hazırkı Fransa seçicisi kompromis və mərkəzçi ritorikadan yorulub.
Qabriel Attalın namizədliyi Avropa paytaxtlarında diqqətlə izlənilir. Brüssel üçün əsas məsələ Makron sonrası Fransada liberal mərkəzin siyasətini yaşada bilib-bilməməsidir. Çünki Makron uzun illər Avropa İttifaqının əsas inteqrasiya tərəfdarlarından biri kimi çıxış edib. O, Avropa ordusu ideyasını müdafiə edib, strateji muxtariyyət anlayışını gündəmə gətirib və ABŞ-dan tam asılı olmayan Avropa modeli qurmağa çalışıb.
Attalın mövqeyi isə müəyyən qədər fərqlidir. O, daha praqmatik və daxili siyasətə fokuslanan fiqur kimi görünür. Bu da onu klassik “Avropa lideri” modelindən bir qədər uzaqlaşdırır. Digər tərəfdən Fransa cəmiyyətinin özü artıq əvvəlki qədər ideoloji Avropaçılığa həvəs göstərmir. Enerji qiymətlərinin artması, həyat səviyyəsinin aşağı düşməsi və təhlükəsizlik problemləri insanların gündəlik prioritetlərini dəyişib. Attalın siyasi strategiyası böyük ehtimalla məhz sözügedən reallıq üzərində qurulacaq. O çalışacaq ki, həm Avropa tərəfdarı elektoratı qoruyub saxlasın, həm də milli problemlərə daha həssas görünərək sağ seçicilərin bir hissəsini özünə cəlb etsin. Lakin bu balansı qorumaq çox çətindir. Çünki Fransa siyasəti getdikcə daha polarizə olunmuş vəziyyətə gəlir.
Belə nəticəyə gəlmək olar ki, gələn ilki seçkilər Fransanın hansı istiqamətə gedəcəyini müəyyənləşdirəcək. Fransa Avropa layihəsinin mərkəzində qalacaq, yoxsa daxili problemlərə fokuslanan daha qapalı modelə yönələcək? Sualların cavabı hələ məlum deyil. Amma bir həqiqət artıq aydındır ki, Qabriel Attalın namizədliyini elan etməsi ilə Fransada yeni siyasi era rəsmən başlayıb.
Nəzrin ELDARQIZI
XQ
Ekspert rəyi
Fikrət SADIXOV, politoloq, Qərbi Kaspi Universitetinin professoru
Qabriel Attal Fransanın Beşinci Respublikasının tarixində ən gənc və eyni zamanda bu vəzifədə ən qısa müddət qalan baş nazirlərdən biri olub. Hakimiyyətdən getməsi isə Milli Assambleyanın və parlament dairələrinin ciddi təzyiqləri fonunda baş verib. Çünki onun iqtisadi proqramı Fransada geniş tənqidlərə səbəb olmuşdu.
Digər partiyalara gəldikdə isə, burada həm sağçı, həm də solçu siyasi qüvvələr mövcuddur. Böyük ehtimalla, Attalın namizədliyinə qarşı müxtəlif partiyaların nümayəndələri çıxış edəcəklər. Ancaq mən hesab edirəm ki, Attalın prezident seçkilərində iştirak etməsi Emmanuel Makronla razılaşdırılmış siyasi addımdır. Çünki Makron artıq iki dəfə prezident seçilib və Fransa Konstitusiyasına əsasən üçüncü dəfə namizəd ola bilməz. Bu baxımdan, Makrona yaxınlığı ilə seçilən Qabriel Attal onun siyasi xəttini davam etdirə biləcək əsas fiqurlardan biri hesab olunur. 2027-ci il seçkilərinə isə hələ kifayət qədər vaxt var. Bu müddət ərzində Fransanın siyasi səhnəsində yeni fiqurlar meydana çıxa, müxtəlif siyasi proqramlarla çıxış edən namizədlər ön plana keçə bilər. Bununla belə, Attalın seçkilərdə iştirakı indiki siyasi kursun davamı kimi qiymətləndirilməlidir. Çünki o, Makrona yaxın siyasətçilərdən biridir.