AZ

Sülh Şurasının Qəzza fondu boş qaldı: Trampın layihəsi böhrandadır

"Financial Times" qəzeti Sülh Şurasının Qəzza fondu ilə bağlı qalmaqallı məlumat yayıb.

Redaktor.az xəbər verir ki, nəşrə danışan mənbələr təşkilatın nizamnaməsi imzalandığı gündən bəri donorlardan fonda "bir dollar" belə daxil olmadığını bildirib.

Məlumata görə, cari ilin fevral ayında ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının bir neçə üzvünün Qəzzaya 7 milyard dollar məbləğində yardım ayıracağını elan etsə də, bu vədlər kağız üzərində qalıb.

"Fond tərəfindən bir dollar da alınmayıb", - deyə qəzetin mənbəsi vurğulayıb. Hind sənədlərində qeyd olunur ki, Sülh Şurasının fondu tamamilə boşdur. Təşkilatın özü isə hazırda hüquqi və siyasi qeyri-müəyyənlik içindədir ki, bu da Qəzzanın yenidənqurma layihələrinin icrasını ciddi şəkildə təxirə salır.

Xatırladaq ki, 2025-ci ilin noyabr ayının ortalarında BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza zolağındakı vəziyyəti həll etmək üçün hərtərəfli planını dəstəkləyən qətnaməni qəbul etmişdi. Şuranın 15 üzvündən 13-ü sənədin lehinə səs vermiş, Rusiya və Çin isə bitərəf qalmışdı. ABŞ-ın planında Qəzza zolağının müvəqqəti beynəlxalq idarəçiliyi və Trampın sədrliyi ilə "Sülh Şurası"nın yaradılması nəzərdə tutulurdu.

Cari ilin 22 yanvar tarixində Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ermənistan da daxil olmaqla, 19 ölkənin nümayəndəsi bu şuranın nizamnaməsini imzalayıb və sonradan digər dövlətlər də prosesə qoşulub.

Ermənistan Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının təsisçi üzvlərindən biri olsa da, 1 milyard dollarlıq üzvlük haqqı ödəməli olan daimi üzv statusunu almayıb. Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, İrəvan bu layihəyə üç ilə qədər müddətə hər hansı məcburi üzvlük haqqı ödəmədən iştirak etmək şərti ilə qoşulub.

Aminə ŞAHSUVARQIZI

 

 

Seçilən
34
1
redaktor.az

2Mənbələr