AZ

Azərbaycanda Qurban bayramı qeyd edilir

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

 

Senzor.az xatırladır ki, Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır.

 

Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-28-nə təsadüf edir.

 

Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq.

 

Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib.

 

Bayramla əlaqədar bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək.

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində, adətən, aztəminatlı ailələrə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.

 

Artıq altıncı ildir ki, xalqımız Vətən müharibəsindəki möhtəşəm Zəfərdən sonra Qurban bayramını Qələbə ab-havasında qarşılayır və bu bayram işğaldan azad edilən bölgələrdə də qeyd olunur. Ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş ölkəmizdə eyni vaxtda 9 yeni şəhər salınır. Böyük Qayıdış proqramına uyğun olaraq hazırda həmin ərazilərdə on minlərlə əhali yaşayır. Bu gün Qarabağda bərpa edilən məscidlərin minarələrindən azan səsi ucalır. Uzun illərin ayrılığından sonra doğma ata-baba torpaqlarına qayıdanlar həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs bayram münasibətilə qurbanlar kəsirlər.

 

Qurban bayramınız mübarək olsun!

Seçilən
55
25
senzor.az

10Mənbələr