AZ

Qlobal çöküş: Yer əhalisi 2064-cü ilə qədər iki dəfə azala bilər

Hazırda Yer əhalisi 8,3 milyard nəfər təşkil edir. Lakin ekspertlərin xəbərdarlığına görə, növbəti 40 il ərzində bu göstərici kəskin şəkildə azala bilər. Alimlər bildirirlər ki, ən pis ssenaridə əhalinij sayı 2064-cü ilə qədər iki dəfə azala bilər.

Turkustan.az xəbər verir ki, "Daily Mail” nəşrinin yazdığına görə, bu vəziyyət iqlim böhranı, pandemiya, qlobal münaqişə və ya resurs çatışmazlığı nəticəsində yarana bilər. Milan Universitetinin tədqiqatçıları qeyd ediblər: "Araşdırmamızın ən diqqətçəkən hissəsi gələcəyin hipotetik ssenarilərini araşdırır”.

Onların sözlərinə görə, modeldə böyük ekoloji böhranların Yer kürəsinin daşıma qabiliyyətinə qəfil və sərt məhdudiyyətlər tətbiq etdiyi vəziyyət təhlil olunub. Ən pis ssenari üzrə konservativ ehtimala əsasən, planetin davamlı ekoloji tutumu qəfil şəkildə təxminən iki milyard nəfərə düşərsə, model dünya əhalisinin sürətlə azalacağını göstərir. Bu halda bəşəriyyətin sayı 2064-cü ilə qədər yarıya enə bilər.

Tədqiqatçılar vurğulayırlar ki, bu nəticə proqnoz deyil, əhalinin dinamikasının kəskin dəyişikliklərə nə dərəcədə həssas olduğunu göstərən "illüstrativ riyazi ssenari”dir.

Bununla belə, qlobal istiləşmə, COVID-19 kimi pandemiyalar və doğum səviyyəsinin azalması fonunda bu ssenari tamamilə qeyri-real hesab edilmir.

"Chaos, Solitons & Fractals” jurnalında dərc olunan araşdırma çərçivəsində alimlər son 12 min ildə insan əhalisinin artımını təhlil ediblər. Bunun əsasında onlar neolit dövründən bu günə qədər əhali artımının əsas qanunauyğunluqlarını dəqiq əks etdirən riyazi tənlik hazırlayıblar.

Model göstərir ki, bəzi dövrlərdə bəşəriyyət yavaş və sabit şəkildə artıb, digər dövrlərdə isə artım partlayış xarakteri alıb. Ümumilikdə alimlər hesab edirlər ki, hazırkı trayektoriya nisbətən sabitdir və qaçılmaz çöküşə işarə etmir.

Lakin "ən pis ssenari”yə əsasən, Yer kürəsinin daşıma qabiliyyəti cəmi iki milyard nəfərə qədər azala bilər. Bu isə planetin uzunmüddətli dövrdə dəstəkləyə biləcəyi maksimum əhali sayının hazırkı göstəricinin təxminən dörddə birinə enməsi deməkdir.

Belə vəziyyət isə qlobal böhran yaradaraq Yer əhalisinin iki dəfə azalmasına səbəb ola bilər. Tədqiqat müəllifləri yazıblar: "Ekoloji tutum məhdudiyyətləri qəfil və sərt şəkildə aktivləşərsə, modelimiz əhalinin sürətli azalmasını proqnozlaşdırır”.

Model həmçinin əhali elminin ən məşhur nəzəriyyələrindən biri olan və 1960-cı ildə irəli sürülmüş "Qiyamət günü” ssenarisinə də istinad edir.

Həmin nəzəriyyəyə görə, dünya əhalisi riyazi sonsuzluğa yaxınlaşacaq və bu, 13 noyabr 2026-cı il cümə günü kütləvi məhvə gətirib çıxaracaqdı.

Yeni araşdırmanın müəllifləri bildiriblər: "Doğum göstəricilərinin qlobal miqyasda azalması səbəbindən bəşəriyyət həmin trayektoriyadan yayına bildi. Lakin yeni tədqiqat göstərir ki, nəzarətsiz artımın arxasında duran riyazi mexanizmlər müəyyən şərtlərdə yenidən ortaya çıxa bilər. Əsas analizimizdə mövcud qlobal trend belə bir fəlakətli singularlığa gətirib çıxarmır”.

Ötən il yayımlanan başqa bir araşdırma isə göstərib ki, uzunmüddətli yox olmanın qarşısını almaq üçün doğum səviyyəsi hər qadına düşən 2,7 uşaq olmalıdır.

Bu göstərici əhalinin sadə təkrar istehsalı üçün əvvəlki hesablamalarda göstərilən 2,1 uşaq səviyyəsindən yüksəkdir. Böyük Britaniyada hər qadına orta hesabla 1,41 uşaq düşür, ABŞ-də isə bu göstərici 1,62-dir.

Mütəxəssislər hesab edirlər ki, doğum səviyyəsi dünya üzrə azalmaqda davam edərsə, ölkələr işləyən, vergi ödəyən və yaşlı əhaliyə qayğı göstərən gənclərin çatışmazlığı ilə üzləşə bilər.

Texnologiya milyarderi İlon Mask da uzun illərdir ABŞ və Qərbdə doğum səviyyəsinin azalmasının yaratdığı demoqrafik çöküş təhlükəsi barədə xəbərdarlıq edir.

Dörd fərqli qadından 14 övladı olan Mask "doğum səviyyəsi məsələsini daim gündəmdə saxladığını” bildirib. O, aşağı doğum göstəricilərinin işçi qüvvəsi çatışmazlığına, dövlət borclarının artmasına, səhiyyə və pensiya sistemlərinin yüklənməsinə, eləcə də sosial xaosa səbəb olduğunu deyib.

Mask bunu "sivilizasiyanın gələcəyi üçün ən böyük risk” adlandırıb. /Qaynarinfo/

Seçilən
65
1
turkustan.az

2Mənbələr