AZ

Şamaxıda “Dövlət dil siyasəti: tarixi ənənə və müasir çağırışlar” mövzusunda elmi konfrans keçirilib

26 mayda Şamaxıda Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə “Dövlət dil siyasəti: tarixi ənənə və müasir çağırışlar” mövzusunda elmi konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransdan əvvəl Nəsimi adına Dilçilik İnstitutu tərəfindən ADPU-nun Şamaxı filialına hədiyyə olunan 200 kitabdan  ibarət sərgiyə baxış keçirilib.  Tədbiri giriş sözü ilə ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova açaraq dövlət dil siyasətinin milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadığını bildirib. Alim qeyd edib ki, Azərbaycan dilinin saflığının qorunması, gənc nəslin ana dilinə bağlı ruhda yetişdirilməsi və dilçilik elminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır.

Konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Türk Dil Qurumunun üzvü , filologiya elmləri doktoru, professor Nadir Məmmədli “Dövlət dil siyasətinə elmin dəstəyi” mövzusunda məruzə ilə çıxış edib. Professor dövlət dil siyasətinin elmi əsaslarla inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nadir Məmmədli bildirib ki, xüsusilə  rəqəmsal dövrdə dilin saflığının qorunması daha böyük məsuliyyət tələb edir. 
Belə tədbirlər gənclərdə milli düşüncənin möhkəmlənməsinə, dilimizin daha dərindən öyrənilməsinə və təbliğinə mühüm töhfə verəcəkdir.

Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, professor İsmayıl Kazımov çıxışında türk dillərinin qarşılıqlı əlaqələri, ortaq dil və mədəni dəyərlərin qorunmasının əhəmiyyətindən danışıb. O, Azərbaycan dilinin türk dünyasında mühüm mövqeyə malik olduğunu bildirib. Terminologiya şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ləman Həsənova “Bir əsrin yaddaşı: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” mövzusunda məruzəsində arxiv materiallarının və milli mətbuat nümunələrinin dil tariximizin öyrənilməsində mühüm mənbə olduğunu diqqətə çatdırıb.

ADPU-nun Şamaxı filialının Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Baxşıyeva “Dövlət dil siyasətində Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda çıxış edərək bildirib ki, ulu öndərin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dili dövlət dili kimi daha da möhkəmlənib və inkişaf edib.

Kitabxana və elektron resurslar şöbəsinin müdiri, baş müəllim Vəsilə Rəzimi “Dilimizin inkişafında kitabxanaların rolu” mövzusunda çıxışında müasir kitabxanaların dilin təbliği və mütaliə mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb.

Konfransda filialın İbtidai sinif müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Ayturan Məmmədli Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirini səsləndirib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin tədbirdə Dilçilik İnstitutunun Kitabxana müdiri Sevil Zülfüqarova və əməkdaşı Talehə Abdullayeva iştirak ediblər.

Seçilən
31
ikisahil.az

1Mənbələr