AZ

Luvrun 88 milyonluq tarixi soyğunu filmə ÇƏKİLƏCƏK

Dünyanın ən böyük və məşhur muzeylərindən biri olan Luvrda baş vermiş səs-küylü soyğunçuluq hadisəsi ekranlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə "France 24" telekanalı məlumat yayıb.

Hollivud ulduzu Anya Teylor-Coyun baş rolda oynadığı "Qurban" (2025) filmi ilə tanınan fransız rejissor Romen Qavras bu mövzuya müraciət edib. O, üç fransız jurnalistin qələmə aldığı və bu yaxınlarda işıq üzü görən "Main basse sur le Louvre" ("Luvru ələ keçirmək") kitabı əsasında bədii film və sənədli serial ərsəyə gətirəcək.

Kitabın müəllifləri olan tanınmış jurnalistlər – Jan-Mişel Dekuji ("Le Parisien"), Jeremi Fam-Le ("Le Monde") və Nikola Torrent ("Paris Match") cinayətkar şəbəkənin ötən ilin 19 oktyabr tarixində Luvrun məşhur "Apollon" qalereyasına necə daxil olduğunu və oradan təxminən 88 milyon avro dəyərində nadir zərgərlik məmulatlarını necə oğurladıqlarını təfərrüatları ilə araşdırıblar.

Hələlik yeni ekran əsərinin adı, rəsmi nümayiş tarixi və aktyor heyəti barədə məlumatlar gizli saxlanılır.

Xatırladaq ki, Luvr muzeyindəki bu soyğun qlobal miqyasda şok effekti yaratmış və muzeyin təhlükəsizlik sistemində ciddi böhrana yol açmışdı. Yaranan qalmaqal fonunda muzeyin direktoru Lorens de Kars vəzifəsindən istefa vermək məcburiyyətində qalmışdı. Aparılan yeddi aylıq genişmiqyaslı araşdırmalara və əsas şübhəlilərin həbs edilməsinə baxmayaraq, oğurlanmış qiymətli zinət əşyaları hələ də tapılmayıb.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
23
redaktor.az

1Mənbələr