AZ

Konqoda bəzi insanlar Ebola virusunun mövcudluğuna inanmır

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Konqo Demokratik Respublikasının (KDR) bəzi sakinləri Ebola qızdırmasının həqiqətən mövcud olduğuna və insanların ölümünə səbəb olduğuna inanmırlar. Onlar bu xəstəliyin Qərb ölkələri tərəfindən uydurulduğunu düşünürlər.

Bizimyol.info xəbər verir ki, bu barədə “Le Monde” qəzeti Parisdə yerləşən qeyri-hökumət təşkilatı və həkimlərə istinadən məlumat yayıb.

“Bəzi konqolular hesab edir ki, Qərb ölkələri daha çox beynəlxalq maliyyə dəstəyi almaq üçün bu xəstəliyi yaradıb”, – deyə “Beynəlxalq Tibbi Fəaliyyət Alyansı”nın (Alima) KDR-dəki nümayəndəliyinin rəhbəri Mamadu Kaba Barri bildirib.

Təşkilat yaydığı açıqlamada sosial şəbəkələrdə və internetdə “yalan və ya təsdiqlənməmiş məlumatların sürətlə yayıldığı” barədə xəbərdarlıq edib. Həmin gün Ebola virusunun yayıldığı ocaqlardan biri olan İturi vilayətinin Ruampara rayonunda narazı yerli sakinlər xəstələrə yardım göstərmək üçün QHT tərəfindən qurulan çadırları yandırıblar.

Barrinin sözlərinə görə, çadırları yandıranlar Ebola səbəbindən vəfat etmiş şəxsin yaxınları olub. Onlar meyiti aparmaq istəyiblər. Həkimlər isə onları bu addımdan çəkindirməyə çalışıblar, çünki ölən şəxsin cəsədi ilə təmas virusun əsas yoluxma mənbələrindən biri hesab olunur. Nəticədə qarşıdurma yaranıb və toplaşanlardan bəziləri humanitar missiyanın avtomobillərini daşlayıblar.

Ebola yayılmasının əsas episentri həmin İturi vilayətində yerləşən kiçik Monqbvalu şəhəri hesab olunur. Mayın 22-də axşam saatlarında şəhər xəstəxanasının yaxınlığında Ebola şübhəsi ilə nəzarətdə saxlanılan xəstələrin yerləşdirildiyi çadır naməlum şəxslər tərəfindən yandırılıb. Yanğından sonra virusa yoluxduğu ehtimal edilən 18 nəfər təcridxanadan qaçıb.

Xəstəxananın direktoru Rişar Lokundi RFI radiosuna açıqlamasında bildirib ki, xəstələrin qaçması “Monqbvalu sakinləri üçün partlayacaq bomba effekti yarada bilər”. O, əhalini həkimlərə etibar etməyə çağırıb və “xəstəliyin süni şəkildə yaradılmasının mümkün olmadığını” vurğulayıb.

“Əgər insanlar Ebola virusunun mövcudluğuna inanmasa, hamımız ölüm riski ilə üz-üzə qala bilərik”, – deyə Lokundi əlavə edib.

Ebola virusunun əsas yayılma ocağı KDR-in şərqində yerləşən İturi vilayətində ilk ölüm halı aprelin 24-də qeydə alınıb. Mayın 5-də ölkənin səhiyyə xidməti İturi bölgəsindən ilk təhlükəli siqnalları alıb. Doqquz gün sonra konqolu həkimlər epidemiyanın törədicisinin Ebola-Bundibucio virusu olduğunu müəyyən ediblər. Bu virusa qarşı hazırda nə peyvənd, nə də xüsusi müalicə vasitəsi mövcuddur.

Bundan sonra KDR və qonşu Uqandada dərhal Ebola epidemiyası elan edilib. Mayın 17-nə keçən gecə Ümumdünya Səhiyyə Təşkilatı hər iki ölkədə yayılan Ebola epidemiyasını beynəlxalq fövqəladə vəziyyət kimi tanıyıb.

Son məlumatlara görə, KDR-də Ebola epidemiyası ilə əlaqəli ehtimal olunan ölüm sayı 220-yə çatıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
icma.az

1Mənbələr