AZ

Adil Şükürov: "Komanda kimi stabilliyimiz yox idi, bəzi kənar təsirlər də oldu"

"Səbail"in baş məşqçisi Adil Şükürov Sportal.az saytına müsahibə verib. O, paytaxt klubunun I Liqada hədəflərinə çata bilməməsi haqda danışıb. 

- "Səbail" I Liqada mövsümü 3-cü pillədə başa vurdu. Yəqin ki, hədəfinizə çata bilmədiyinizi deyə bilərik. Çünki klubun əsas hədəfi Premyer Liqaya geri qayıtmaq idi...

- Düşünürəm ki, komanda "Mingeçevir"lə son turdakı görüşü və problemləri nəzərə almasaq, yetərincə yaxşı oyun göstərirdi. Bu oyuna qədər komanda məhsuldar nəticələr qazandı. Komanda kimi stabilliyimiz olmadı. Burada bəzi kənar təsirlərin olduğunu düşünürəm. Bəzi oyunlarda gözlənilmədən xallar itirdik. Bu da sonda "Şəfa" ilə xal fərqinə gətirib çıxardı. I Liqada həmişə qeyri-stabillik mövcud olub. Bu qeyri-stabillik bizdən də oldu. Ancaq bu, təkcə komanda ilə bağlı olmadı. "Şahdağ-Qusar"la görüşdə komanda yaxşı oynadı, lakin bu il Premyer Liqada gördüyümüz hakim səhvləri "Səbail"dən yan keçmədi. Düşünürəm ki, bu cür verilən qərarlar komandaların fəaliyyətlərinə təsirsiz ötüşmür. Hər kəs səhv etməyə məhkumdur, amma görünən səhvləri minimuma endirmək vacibdir.

- Komandaya mövsümün gedişində baş məşqçi təyin edildiniz. Sizcə, həmin vaxtdan sonra komandanı hədəfinə çatdırmaq mümkün idi? Ümumiyyətlə, sizə mane olan məsələlər nə idi, heyət istədiyiniz kimi deyildi, yoxsa başqa məsələlər ortaya çıxmışdı?

- Komandaya gəldiyim dövrdə bir çox məsələlər oldu ki, bunlar hamısı komandaya təsirsiz ötüşmədi. Amma bu məsələləri rəhbərliklə birlikdə həll etdik. Bunun nəticəsi də olaraq komanda qeyd etdiyim kimi sonda məhsuldar qələbələr qazandı. 

- "Səbail" son turda heç-heçə etsəydi, pley-off oynamağa haqq qazanırdı. Səncə, nəyə görə "Mingəçevir" səfərində uduzdunuz?

- Öncə də qeyd etdiyim kimi, I Liqada ən böyük problem qeyri-stabillikdir. Həmçinin, oyunun gedişində hakimlərin verdiyi qərarlar çox böyük önəm kəsb edir.

- Necə düşünürsüz, "Mingəçevir" "Qəbələ" səddini keçə bilər? 

- Ramiz Məmmədov və onun komandasına uğurlar arzu edirəm. Hər iki komanda üçün ağır oyun olacaq. Bu cür oyunlar gərgin mübarizə şəraitində keçir. Amma şərtlər bərabər deyil. Əsas məsələ odur ki, komandanın yüksək motivasiyası olacaq.

- "Səbail"də qalacaqsınız, yoxsa necə? Rəhbərliklə danışmısız bu haqda. Onların yeni mövsüm də hədəfi Premyer Liqaya geri qayıtmaq olacaq?

- Bu barədə oyundan sonra rəhbərliklə danışıq olmayıb. İndi həll olunacaq məsələlər var ki, onun üzərində iş gedir. Allah qoysa, bu məsələlər həllini tapdıqdan sonra nəsə barədə danışa bilərik.

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
53
2
sportal.az

3Mənbələr