AZ

15 yaşlı Arzu hekayələr yazır, hədəfi kitabını nəşr etdirməkdir - MÜSAHİBƏ

Uşaq yaşlarından elmə, mütaliəyə və yaradıcılığa bağlanan gənclərimizin uğurları hər birimizi qürurlandırır. 

Belə parlaq istedadlardan biri də hələ 15 yaşı olmasına baxmayaraq, zəngin daxili dünyası və uğurlu qələmi ilə seçilən Arzu Əliyevadır.

AzEdu.az gənc istedadları cəmiyyətə daha yaxından tanıtmaq məqsədilə bu dəfə Arzu ilə həmsöhbət olub.

Arzu Əliyeva Mingəçevir şəhər S.Vurğun adına 16 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Ötən günlərdə keçirilən buraxılış imtahanından 180 bal toplayıb.

Yaradıcılığa böyük sevgisi olan Arzunun əsas məşğuliyyəti və hobbi dünyası isə olduqca rəngarəngdir; o, mütaliə etməyi, mütəmadi olaraq kitab oxumağı və ağlına gələn maraqlı fikirləri hekayələrə köçürməyi çox sevir. Elə gənc yazarımızın ən böyük hədəflərindən biri də gələcəkdə öz kitabını nəşr etdirməkdir.

-Arzu, hekayə yazmağa üstünlük verirsən, ya şeir yazmağa?

-Ən çox hekayə janrına üstünlük verirəm. Şeir yazmaqla o qədər də məşğul olmuram, amma hekayə yazmağı çox sevirəm. Yaradıcılığım daha çox axıcı bədii süjetləri və elmi hekayələri əhatə edir. Ümumiyyətlə, ağlıma gəldiyi an qələmi götürüb yazmağa başlayıram; mənim əsas hobbim, daxili dünyamın ən böyük məşğuliyyəti məhz budur.

-Bəs hekayələrini nə haqqında yazırsan?

-Hekayələrim ən çox elm haqqındadır. Daha çox uşaqların elmə marağını artırmaq məqsədilə yazıram.

-Nə zamandan yazmağa başlamısan?

-7-ci sinifdə oxuyanda Suçiçəyi xəstəliyinə yoluxduğum üçün müəyyən müddət evdə qalmalı oldum və məktəbə gedə bilmədim. Məhz həmin dövrdə ağlıma belə bir fikir gəldi və mən kompüterdə ilk qeydlərimi yazmağa başladım. 

Əslində, sadəcə özümü yoxlamaq istəyirdim, amma sonra gördüm ki, məndə həqiqətən nəsə alınır. Daha sonra məktəb müəlliməm Aynur xanım da bu qabiliyyətimi kəşf etdi və mənə çox dəstək oldu. Doğrusu, imtahanımla əlaqədar bu aralar yazmağa bir az ara vermişəm, lakin yenidən yazacağam.

-7-ci sinifdə yazdığın hekayələrlə bugünkü Arzunun hekayələri arasında hansı fərqləri görürsən? Qələmində nələr dəyişib?

-Mənə elə gəlir ki, hər yaş artdıqca insanın qələmi də, təfəkkürü də dəyişir. 

Düşünürəm ki, artıq yazılarımı daha da təkmilləşdirmişəm. Əvvəllər daha çox sırf elmlə bağlı yazırdımsa, bu aralar yazılarımı bir az da inkişaf etdirib böyükhəcmli mövzular qələmə alıram.

-Nəyə görə məhz elmlə bağlı hekayələr yazırsan? Səni yaşındakılar daha fərqli mövzulardan yazırlar. Səndə elmə qarşı bu maraq haradandır?

-Yəqin ki, elmin özünə olan daxili bağlılığımdan, ona olan sevgimdən irəli gəlir.

-Özündəki bu yazmaq istedadını ilk dəfə necə kəşf etdin?

-5-ci sinifdə oxuyanda atam üçün bir şeir yazmışdım. Atam şeirimi çox bəyənmişdi. Düzü, əvvəl elə bilirdim ki, uşaq olduğum üçün sadəcə xatirinə dəyməmək adına bəyəndiyini deyir (gülür). 

Amma sonra 6 və 7-ci siniflərdə oxuyanda həmin şeirə yenidən baxdım və anladım ki, yox, 5-ci sinif uşağına görə həqiqətən də çox qəşəng yazmışam. Bundan sonra özümü daha da təkmilləşdirməyə çalışdım.

-Bəs indi niyə şeir yazmırsan? Bunun səbəbi nədir?

-Çünki şeir mənə bir az ağır gəlir. Şeirdə gərək qafiyə tapasan, onu tutdurasan… Amma hekayədə insan öz fikrini daha axıcı və sərbəst şəkildə ifadə edə bilir.

-Məktəb dərslərinlə hobbin arasında balansı necə qurursan? Gün ərzində dərslərinə və hekayə yazmağa nə qədər vaxt ayırırsan?

-Təbii ki, dərslərimə daha çox vaxt ayırıram, hobbi ilə isə dərslərimə nisbətən daha az vaxt məşğul oluram.

-Ailən və dostların sənin bu istedadını biləndə necə reaksiya verdilər?

-Ailəm və dostlarım mənim bu sahəyə olan marağımı həmişə dəstəkləyirlər. Mən nə yazsam, mütləq oxuyub çox əla olduğunu vurğulayırlar. 

Müəllimlərim də bu qabiliyyətimi görəndən sonra mənə daha çox kömək etməyə, qələmimi təkmilləşdirməyə başladılar.

-Səncə, yaxşı bir hekayə yazmaq üçün ən vacib olan şərt nədir?

-Düşünürəm ki, yaxşı hekayə yazmaq üçün ən vacib olan şey insanın daxilindən gələn o xüsusi təxəyyül və yazmaq qabiliyyətidir.

-Məktəbdə ən çox sevdiyin fənn hansıdır?

-Ədəbiyyat fənnini çox sevirəm.

-Hansı janrlara üstünlük verirsən?

-Daha çox fantastik janrda olan kitabları oxumağı xoşlayıram, klassik ədəbiyyatı isə o qədər də sevmirəm. Sonuncu dəfə oxuduğum kitab isə “Qansız mələk” olub. Azərbaycan ədəbiyyatından isə Əhməd Cavadın “Səsli Qız” poemasını çox bəyənirəm.

-Fantastik janrda ən sevdiyin yazıçılar kimlərdir?

-Fantastik janrda… Əslində, mən daha çox Stefan Sveyqi sevirəm. Amma hər bir müəllifin özünəməxsus yazı tərzi var, hər birinin üslubunu çox bəyənirəm.

-İndiyə qədər neçə kitab oxumusan?

-Təxmini bir rəqəm desəm, indiyə qədər 50-60-dan çox kitab oxumuşam və hələ də oxumağa davam edirəm.

-Hansı ixtisas qrupuna hazırlaşmaq istəyirsən?

-Gələcəkdə III ixtisas qrupu üzrə hazırlaşmaq istəyirəm. Əsas hədəfim hüquq ixtisası üzrə təhsil almaqdır.

-Bəs hədəfin neçə baldır?

-11-ci sinifdə hədəfim mütləq 600-dən çox bal toplamaqdır. Çünki hazırlaşdığım fənlərin hamısını çox sevirəm və dərslərim də əladır.

-Maraqlıdır, hekayə yazarkən sənin üçün mühit önəmlidirmi?

-Mənim üçün sakitlik çox önəmlidir, evdə, sakit bir küncdə yazmağı sevirəm. Çünki səs-küylü mühitdə fikrimi tam toplaya bilmirəm, səs-küy mənim diqqətimi yayındırır. Amma tam sakitlik olanda fikirlərimi daha rahat şəkildə kağıza köçürə bilirəm.

-Gələcəkdə bu hobbi həyatında hansı yeri tutacaq? Sənin üçün sadəcə bir hobbi olaraq qalacaq, yoxsa daha da ciddi şəkildə inkişaf etdirməyi düşünürsən?

-Gələcəkdə bu yaradıcılığımı daha da inkişaf etdirib, öz kitabımı çıxarmağı, nəşr etdirməyi düşünürəm.

 

Seçilən
39
azedu.az

1Mənbələr