AZ

Politoloq Məhəmməd Əsədullazadə: Seçkilər sülh prosesinə təsir edəcək

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistanda keçiriləcək seçkilər yalnız ölkədaxili siyasi mübarizə baxımından deyil, regionun gələcək təhlükəsizlik və diplomatik balansı baxımından da diqqətlə izlənilir. Hakimiyyətin hansı siyasi xətti seçməsi Azərbaycanla sülh prosesi, sərhəd delimitasiyası və regional kommunikasiyaların açılması kimi məsələlərə birbaşa təsir göstərə bilər. Xüsusilə revanşist ritorikanın güclənməsi və ya əksinə, daha praqmatik yanaşmanın üstünlük qazanması Cənubi Qafqazda sabitliyin gələcək istiqamətini müəyyən edən əsas amillərdən biri hesab olunur.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə ölkədaxili siyasi proses kimi deyil, həm də Cənubi Qafqazda regional dinamikanın formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu seçkilər regionda sülhün və təhlükəsizliyin gələcək istiqamətinə ciddi təsir göstərə bilər.

Politoloqun fikrincə, əgər revanşist qüvvələr hakimiyyətə gələrsə, Cənubi Qafqazda vəziyyətin yenidən gərginləşməsi ehtimalı yaranır və bu halda Azərbaycanla münasibətlərdə qarşıdurma riskinin artması, hətta müharibə ehtimalının yenidən gündəmə gəlməsi istisna edilmir. Çünki bu qüvvələrin seçki kampaniyasında anti-Azərbaycan ritorikasına üstünlük verdiyi və regionda Rusiyanın təsirini artırmağa yönəlmiş mövqelər sərgilədiyi bildirilir.

“Başqa tərəfdən, əgər Ermənistanın baş naziri Nikol Paşinyan yenidən seçilərsə, Azərbaycanla sülh sazişinin imzalanması və yekun sülh müqaviləsinin bağlanması istiqamətində proseslərin irəliləməsi mümkündür. Bu halda Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və regionda yeni siyasi və iqtisadi əməkdaşlıq mühitinin formalaşması da gündəmə gələ bilər”, – deyə politoloq bildirib.

O deyib ki, Ermənistandakı seçkilər Cənubi Qafqazın geosiyasi nizamına birbaşa təsir edən mühüm faktor kimi çıxış edir. Seçkilərdən sonra atılacaq siyasi addımlar regionda sülhün, sabitliyin və təhlükəsizliyin tənzimlənməsi baxımından həlledici rol oynayacaq.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
bizimyol.info

1Mənbələr