2027-ci ildən etibarən buraxılış imtahanlarında xarici dil üzrə şagirdlərdən minimum 100 sözdən ibarət yazı tapşırığı tələb olunacaq. Yeni modelə əsasən, imtahana əlavə 15 dəqiqə vaxt veriləcəyi də nəzərdə tutulur.
Dəyişikliyin hədəfinin şagirdlərin yazı bacarıqlarının daha obyektiv qiymətləndirilməsi olduğu vurğulanır. Lakin əsas müzakirə mövzularından biri verilən əlavə vaxtın abituriyentlər üçün kifayət edib-etməyəcəyidir.
Mövzu ilə bağlı Pravda.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirib ki, hazırda bəzi sınaq imtahanlarında bu format tətbiq olunur və şagirdlər tapşırığı əlavə 15 dəqiqə olmadan da yerinə yetirə bilirlər. Onun fikrincə, 15 dəqiqə ümumi yanaşma baxımından ədalətli görünə bilər.
Amma ekspert hesab edir ki, mövcud imtahan strukturunda həm Azərbaycan dili, həm də xarici dil üzrə oxuyub-anlama və dinləyib-anlama tapşırıqlarının verilməsi, mətnlərin həcminin böyük olması, üstəlik də esse yazılması abituriyentlər üçün vaxt çatışmazlığı yarada bilər. Bu səbəbdən əlavə 15 dəqiqə vaxtın verilməsi məqbul deyil.
“Əgər mövcud mətnlərin həcmi azaldılmasa, sualların mürəkkəbliyi, çaşdırıcılığı, bir sualda bir neçə mövzunun əhatə olunması dəyişməzsə, o zaman əlavə 15 dəqiqə azdır. Bu halda, əlavə vaxtın 30 dəqiqəyə qədər artırılması daha doğru yanaşma olar. Əks halda abituriyentlərin vaxt bölgüsü ciddi problemə çevrilə bilər”.