AZ

Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

Azərbaycanın Litvadakı səfirliyi tərəfindən 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Litvanın və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra səfir Tamerlan Qarayev çıxış edərək, 1918-ci ildə Şərqdə yaradılmış ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışıb, iki ilə yaxın bir müddətdə mövcud olan, atdığı mühüm addımlar və qəbul etdiyi qərarlarla yadda qalan Cümhuriyyətin 1920-ci ildə bolşevik işğalı ilə süquta uğradığını söyləyib.

Səfir Azərbaycan xalqının müstəqillik ideyalarına sadiq qaldığını və 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdiyini bildirib, müasir Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş dövlətin hüquqi və siyasi varisi olduğunu vurğulayıb.

T.Qarayev son illər Azərbaycanın Cənubi Qafqazın sabit inkişaf edən və nüfuzlu dövlətinə çevrildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünün bərpa edildiyini, işğaldan azad edilmiş ərazilərdə hazırda minatəmizləmə fəaliyyətinin həyata keçirdiyini, genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini vurğulayıb.

Azərbaycanın beynəlxalq əməkdaşlığa və çoxtərəfli tərəfdaşlıqlara əsaslanan xarici siyasətinin ölkənin regional və qlobal mövqeyinin güclənməsində mühüm rol oynadığını qeyd edən səfir, Azərbaycan ilə Litva arasında münasibətlərin son illərdə davamlı şəkildə inkişaf etdiyi bildirib.

Tədbirdə əsas qonaq qismində iştirak edən Litvanın xarici işlər nazirinin müavini xanım Audra Plepite çıxışında Azərbaycan və Litvanın tarix boyu oxşar taleyi paylaşan ölkələr olduğunu vurğulayıb. O bildirib ki, hər iki xalq 1918-ci ildə öz müstəqil dövlətlərini qurmuş, daha sonra xarici işğal və təzyiqlərlə üzləşib, lakin azadlıq və dövlətçilik ideallarına sadiq qalaraq 1991-ci ildə yenidən öz müstəqilliklərini bərpa edib.

Litva rəsmisi həm Azərbaycan, həm də Litva üçün müstəqilliyin yalnız siyasi nailiyyət deyil, həm də xalqların uzun illər apardığı mübarizənin, milli kimliyə və azadlıq dəyərlərinə bağlılığın nəticəsi olduğunu qeyd edib, hər iki xalqın çətin tarixi sınaqlardan keçərək öz milli birliyini, dövlətçilik ənənələrini və müstəqillik iradəsini qoruyub saxlaya bildiyini söyləyib.

A.Plepite hazırda beynəlxalq münasibətlər sistemində müşahidə olunan mürəkkəb geosiyasi proseslərə, müxtəlif regionlarda davam edən münaqişə və təhlükəsizlik çağırışlarına toxunaraq belə bir dövrdə dövlətlər arasında həmrəyliyin və qarşılıqlı dəstəyin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda Azərbaycan və Litvanın ortaq tarixi təcrübə, suverenlik və müstəqillik prinsiplərinə hörmət əsasında əməkdaşlığı daha da gücləndirməli, mövcud çağırışlar qarşısında birlik və həmrəylik nümayiş etdirməli olduğunu qeyd edib.

Tədbir Azərbaycana həsr olunmuş videoçarxların və milli musiqimizin müşayiəti ilə davam edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
2
azertag.az

3Mənbələr