AZ

Almaniya kibertəhlükələrə qarşı sərt addım atır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Almaniya hökuməti kibertəhlükəsizliyin gücləndirilməsinə dair qanun layihəsini təsdiqləyib. Yeni sənəd kibercinayətlərlə və kiberhücumlarla mübarizə məqsədilə təhlükəsizlik orqanlarının səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur.

Bizimyol.info xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Sebastyan Hille jurnalistlərə açıqlama verib.

“Almaniya hökuməti bu gün kibertəhlükəsizliyin gücləndirilməsinə dair qanun layihəsini təsdiqləyib”, – deyə o bildirib.

Hille qeyd edib ki, kiberməkanda təhlükə səviyyəsi yüksək olaraq qalır və Almaniya da peşəkar şəkildə həyata keçirilən kiberhücumların hədəfinə çevrilir. Onun sözlərinə görə, bu cür hücumlar ciddi zərər potensialına malikdir.

“İnformasiya texnologiyalarının və onların əsasını təşkil edən kommunikasiya infrastrukturunun təhlükəsiz və etibarlı istifadəsinin təmin olunması cəmiyyətin fəaliyyəti, Almaniyanın iqtisadi uğuru, ictimai sabitlik və milli təhlükəsizlik üçün əsas şərtlərdən biridir”, – deyə hökumət nümayəndəsi vurğulayıb.

Bu səbəbdən hökumətin məqsədi kibertəhlükəsizliyi daha da gücləndirmək və Almaniyanın təhlükəsizlik orqanlarına ciddi təhdidlər zamanı kiberhücumların qarşısını almaq, onları dayandırmaq və ya ən azı təsirini minimuma endirmək imkanı yaratmaqdır.

Yeni qanun layihəsi ilk növbədə BSI, Federal Cinayət İşləri İdarəsi (BKA) və federal polis orqanlarının səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur.

Beləliklə, adıçəkilən qurumlar kiberhücumların qarşısını almaq üçün əlavə alətlər əldə edəcəklər. Bunlara təhlükə yaradan informasiya sistemlərinin fəaliyyətinin qadağan olunması, internet trafikinin yönləndirilməsi, məlumatların oxunması, silinməsi və dəyişdirilməsi daxildir.

Qanun layihəsi həmçinin BSI-yə federal dövlət qurumlarında informasiya texnologiyalarının dayanıqlığını artırmaq və potensial hücumlarla bağlı məlumatların toplanmasını yaxşılaşdırmaq imkanı verəcək.

Qanunvericiliyə ediləcək dəyişikliklər nəticəsində BSI dövlət qurumlarının sorğusu əsasında onların informasiya sistemlərində mümkün hücum hazırlıqlarını aşkarlamaq və hücum edən şəxsləri müəyyən etmək hüququ əldə edəcək.

Hökumət hesab edir ki, zərərli proqramların yayılmasında davamlı dəyişən internet domenləri mühüm rol oynadığı üçün BSI belə domenlərə qarşı tədbirlər görə bilməlidir.

Federal polisə veriləcək əlavə səlahiyyətlərin isə cinayət təqibi deyil, yalnız təhlükələrin qarşısının alınmasına xidmət edəcəyi vurğulanıb. Federal polisin xüsusi müdaxilə tədbirləri yalnız müəyyən hallarda — məsələn, fəaliyyəti cəmiyyət və ya ölkənin müdafiəsi üçün mühüm əhəmiyyət daşıyan qurumlara qarşı təhlükə yaranarsa tətbiq ediləcək.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
icma.az

1Mənbələr