AZ

İsrail ordusunda yüksək vəzifəli hərbi prokurorla bağlı qalmaqal - Sde-Teiman hadisəsi üzrə yeni qərar verildi

BAKI,TurkicWorld Orxan Qədirzadə

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir 2024-cü ildə Qəzza zolağından gətirilmiş fələstinli məhbusun İsrailin Sde-Teiman hərbi bazasında saxlanılması zamanı baş verdiyi iddia olunan zorakılıq və təcavüz hadisəsi ilə bağlı istintaq materiallarının mediaya sızdırılması səbəbindən ölkənin keçmiş baş hərbi prokuroru Yifat Tomer-Yerusalmını vəzifəsindən azad edib və onu tam şəkildə ordu sıralarından kənarlaşdırıb.

Qərara əsasən, Yifat Tomer-Yerusalmının hərbi xidmət müddətini başa vurmasına icazə verilməyib, həmçinin ona aid sosial təminatların da dayandırıldığı bildirilir. Onun hərbi rütbəsinin ləğvi məsələsi isə məhkəmə prosesinin yekun nəticəsinə əsasən müəyyən ediləcək.

İsrail Müdafiə naziri İsrael Kats sosial şəbəkə platformasında etdiyi paylaşımda Baş Qərargahın bu addımını alqışlayıb və Sde-Teiman hadisəsini İsrail ordusuna qarşı “böhtan” adlandırıb. O, həmçinin İsrailin baş prokurorluğuna müraciət edərək Yifat Tomer-Yerusalmı üçün uzunmüddətli həbs cəzası tələb etdiyini bildirib.

Sde-Teiman bazası ətrafında qalmaqal İsrailin on ikinci televiziya kanalının yaydığı və təhlükəsizlik kameralarına əsaslanan görüntülərdən sonra geniş rezonans doğurmuşdu. Həmin görüntülərdə fələstinli məhbuslara qarşı qrup halında zorakılıq və pis rəftar faktlarının yer aldığı iddia olunurdu. Hadisə ilə bağlı doqquz hərbçi istintaqa cəlb edilmişdi. Bu isə ölkədə ifrat sağçı qrupların kütləvi etirazlarına səbəb olmuş, bəzi siyasətçilər və radikal fəallar hərbi bazalara və məhkəmə binalarına hücumlar təşkil edərək saxlanılan hərbçilərin azad edilməsini tələb etmişdilər.

Sonrakı mərhələdə Yifat Tomer-Yerusalmı vəzifəsindən uzaqlaşdırılmış, 2025-ci ilin noyabrında isə saxlanılmışdı. Daha sonra Sde-Teiman işi 12 mart tarixində rəsmən bağlanmış, aprel ayında isə ittiham olunan ehtiyat hərbçilər yenidən xidmətə qaytarılmışdı.

İnsan haqları təşkilatları, o cümlədən Beynəlxalq Amnistiya Təşkilatı və B’tselem dəfələrlə bəyan edib ki, İsrail təhlükəsizlik strukturlarında fələstinli saxlanılanlara qarşı zorakılıq, işgəncə və hətta ölüm halları ilə bağlı açılan işlərin böyük əksəriyyəti ya nəticəsiz qalır, ya da cəzasızlıqla yekunlaşır.

Ekspertlər hesab edir ki, Sde-Teiman işi üzrə istintaqı ictimailəşdirən prokurorun sistemdən kənarlaşdırılması və eyni zamanda hadisədə adı hallanan hərbçilərin sonradan bəraət alması İsrail hərbi ədliyyə sistemində ciddi problemlərin və cəzasızlıq mühitinin davam etdiyini göstərir.

Seçilən
29
turkic.world

1Mənbələr