AZ

DİQQƏT: Azərbaycanda meyvə-tərəvəz bahalaşacaq – SƏBƏB BUDUR

Azərbaycanda son günlər müşahidə olunan aramsız yağışlar, sel və daşqınlar təkcə gündəlik həyata deyil, kənd təsərrüfatına da ciddi təsir göstərməyə başlayıb. Xüsusilə açıq sahələrdə becərilən meyvə və tərəvəzlərin zərər görməsi bazarda məhsul qıtlığı və qiymət artımı ilə bağlı narahatlıqları artırır.

Bəs yağıntılı hava şəraiti yay aylarında meyvə-tərəvəz bazarında bahalaşmanı sürətləndirəcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, xüsusilə aprelin sonu və may aylarında yağıntının normadan artıq olması açıq sahələrdə yetişdirilən məhsullar üçün ciddi risk yaradır.

Vüqar

Onun sözlərinə görə, intensiv yağışlar və sel suları bir sıra meyvə və tərəvəz növlərinin məhsuldarlığını azalda bilər:

“Ən çox zərər görə biləcək məhsullar sırasında alça, ərik, gilas kimi meyvələr, eləcə də pomidor, xiyar, bibər və badımcan kimi tərəvəzlər var. Kartof və soğan istehsalında da müəyyən çətinliklərin yaranacağı istisna olunmur. Uzunmüddətli yağışlar və günəşli günlərin azalması bitkilərin çiçəklənməsinə mənfi təsir edir, yüksək rütubət isə müxtəlif xəstəliklərin yayılması üçün əlverişli şərait yaradır”.

AQC sədri qeyd edib ki, sel və daşqınlar yalnız məhsuldarlığa deyil, logistika prosesinə də təsirsiz ötüşmür.

“Əkin sahələrinin su altında qalması, yolların zədələnməsi və məhsulların rayonlardan bazarlara daşınmasında yaranan çətinliklər maya dəyərini artırır. Bu da son nəticədə bazarda qiymətlərin yüksəlməsinə gətirib çıxarır”.

Ekspert hazırda bazarda bəzi meyvə və tərəvəzlərin baha olmasını onların “nübar məhsul” olması ilə əlaqələndirib:

“Mövsümün ilk məhsulları bazara az miqdarda çıxarıldığı üçün qiymətlər ənənəvi olaraq yüksək olur. Məhsul bolluğu artdıqca qiymətlərdə müəyyən sabitləşmə müşahidə ediləcək”.

Bununla belə, o hesab edir ki, ümumi bahalaşma fonunda bu yay meyvə-tərəvəz bazarında qiymətlərin ötən illə müqayisədə daha yüksək olması gözlənilir. Hava şəraiti ilə yanaşı, bazarda artan tələbatın da qiymətlərə ciddi təsir etdiyi vurğulanır. Xüsusilə gündəlik istehlak olunan kənd təsərrüfatı məhsullarına marağın artması qiymət artımını daha da sürətləndirəcək.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
2
1
konkret.az

3Mənbələr