AZ

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi - MƏQALƏ

28 May Azərbaycan xalqının taleyinə həkk olunmuş müqəddəs tarixdir. Bu gün sadəcə təqvimdə bir bayram olmaqla yanaşı, əsrlərlə azadlıq arzusu ilə yaşayan bir xalqın milli iradəsinin, siyasi yetkinliyinin və dövlətçilik əzminin təntənəsidir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı öz müstəqilliyini elan etməklə bütün Şərqə və müsəlman aləminə sübut etdi ki, azadlıq, demokratiya və hüquqi dövlət idealları bu torpaqlarda da yaşaya və qalib gələ bilər.

Məhz həmin gün yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə düşdü. Bu, təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin siyasi tarixində yeni eranın başlanğıcı idi. Çətin geosiyasi şəraitdə, müharibələrin və qarşıdurmaların hökm sürdüyü bir dövrdə xalqımızın qabaqcıl ziyalıları, dövlət adamları və milli mübarizə liderləri tarix yazdılar.
Ulu Öndər Heydər Əliyev bu böyük tarixi hadisənin mahiyyətini belə ifadə edirdi:
“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır.”
Bu sözlər Azərbaycan Xalq Cümhuriyyətinin təsadüf nəticəsində deyil, xalqın milli oyanışının, ziyalı təfəkkürünün və azadlıq idealının məntiqi nəticəsi olduğunu təsdiqləyir.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti gələcək müstəqil dövlətin təməl sütunlarını yaratmağa nail oldu. İlk parlament formalaşdırıldı, dövlət atributları təsis edildi, milli ordu quruldu, Azərbaycan vətəndaşlığı institutu yaradıldı, ana dilində təhsilə başlanıldı, Bakı Dövlət Universitetinin əsası qoyuldu. Qadınlara seçki hüququ verilməsi kimi mühüm demokratik addımlar isə Azərbaycanın nə qədər mütərəqqi dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımıza yalnız dövlət qurmadı — o, millətin özünəinamını qaytardı. Əsrlərlə imperiyalar arasında bölünən xalq ilk dəfə öz taleyinin sahibi olduğunu hiss etdi. Məhz buna görə 28 May bir dövlətin yaranış günü olmaqla yanaşı, milli kimliyin dirçəlişi günü kimi də qiymətləndirilir.
Lakin tarix sübut etdi ki, müstəqilliyi qazanmaq qədər onu qorumaq da çətindir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşevik işğalı nəticəsində süqut etsə də, istiqlal ruhu xalqın yaddaşından silinmədi. O müqəddəs ideya onilliklər boyu ürəklərdə yaşadı və nəhayət, XX əsrin sonunda yenidən həqiqətə çevrildi.
Ulu Öndər Heydər Əliyevin məşhur fikri bu həqiqətin ən dolğun ifadəsidir:
“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.”
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb və ağır sınaqlarla üz-üzə qaldı. Ölkədə siyasi böhran, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü dövlətçiliyi ciddi təhlükə altına salmışdı. Məhz belə bir taleyüklü zamanda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, dövlətçilik sütunlarını möhkəmləndirdi və müstəqilliyin dönməzliyini təmin etdi.
Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin ən möhtəşəm səhifələrindən biridir. Bu gün Azərbaycan bayrağının işğaldan azad edilmiş torpaqlarda dalğalanması 1918-ci ildə qaldırılan istiqlal bayrağının zəfər yürüşüdür.
Prezident İlham Əliyevin sözləri bu tarixi varisliyi aydın şəkildə ifadə edir:
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı.”
Bu gün 28 May artıq yalnız istiqlalın deyil, həm də qələbənin, suverenliyin və milli qürurun bayramıdır. Laçında, Şuşada, Xankəndidə, Zəngilanda dalğalanan üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ruhuna verilən ən böyük cavabdır. Çünki onların yarımçıq qalan arzusu artıq gerçəyə çevrilib — güclü, müstəqil və qalib Azərbaycan dövləti tarix səhnəsində əzəmətlə dayanır.
28 May bizə xatırladır ki, dövlətçilik sadəcə siyasi institut deyil — bu, millətin şərəfi, yaddaşı və gələcək qarşısında məsuliyyətidir. Azərbaycan xalqı yüz ildən artıqdır ki, bu müqəddəs mirası qoruyur, yaşadır və daha da ucaldır.

Yaşasın Müstəqil Azərbaycan!

Yaşasın 28 May – Müstəqillik Günü!

Elnarə Akimova

Milli Məclisin deputatı,
YAP İdarə Heyətionin üzvü,
Filologiya elmləri doktoru

Seçilən
29
1
sia.az

2Mənbələr