AZ

NÖVBƏTİ PROBLEM - “Neftçi” ilə “Turan Tovuz”un başı dərddə!

Qarşıdakı avrokubok mövsümündə ölkəmizi Avropa Konfrans Liqasında təmsil edəcək klublarımız çətinliklə üzləşib.

Söhbət “Turan Tovuz” və “Neftçi”dən gedir.

Premyer Liqanı 3-4-cü pillələrdə başa vuran komandalar heyəti gücləndirməklə bağlı əngəllə üzləşib.

Məsələ nədir?

“Qarabağ”la “Sabah” avrokuboklarda mübarizə aparacağını aylar öncədən bilirdi və transfer çalışmalarına uyğun axtarışlara mövsümün gedişində start vermişdi.

Müqaviləsi başa çatmaqda olan futbolçularla danışıqlara start verib, ümumi razılıq əldə olunmuşdu. Necə ki, mövsüm bitər-bitməz “Qarabağ” iki transferi birdən bəyan etdi. Yaxın zamanlarda “Sabah”ın yenilərinin şəkilləri səhifələri bəzəyəcək.

“Turan Tovuz”la “Neftçi”nin taleyi həm özlərinin, həm də rəqiblərinin əlindəydi deyə, gözləmə mövqeyi tutmuşdular. Avrokuboklara vəsiqə qazanılmasaydı, fərqli addımlar atılacaqdı. Lakin indiki məqamda yeni futbolçularla güclənmək mütləqdir.

Avropada iştiraka görə büdcəyə əlavə olunacaq vəsait və mümkün uğurlu çıxış klub rəhbərlərini pul xərcləməyə vadar edir. Di gəl, futbolçu tapmaq müşkülə çevrilib.

“Neftçi”nin adını eşidən əcnəbilər Vensan Abubakar kimi ulduzu görüb, sponsorun neft şirkəti olduğunu eşidib qiymətini dağ başına qaldırır.

“Turan Tovuz”un vəziyyəti fərqlidir. Klubun bölgəni təmsil etməsi birinci dərddirsə, tarixində ilk dəfə Avropaya yollanması əlavə problemdir. “Turan”a da “qiymət oxuyurlar”.

“Qarabağ”la “Sabah”ın işi ona görə rahatdır ki, seleksiya işinə çoxdan başlayıb, müəyyən razılıq əldə ediblər. Üstəlik, maliyyə sıxıntısı yoxdur. Keyfiyyətli futbolçuya lazım olan qədər vəsait ayıra bilirlər.

“Turan Tovuz”la “Neftçi” isə tələsiyə düşüb. Bir-iki həftənin ərzində heyəti gücləndirməyə çalışırlar ki, təlim-məşq toplanışı başlayana qədər heyət yetərli olsun, baş məşqçilər narazılıq etməsin, bəhanə yaranmasın.

Klubun tələsik futbolçu axtardığını bilən namizədlər isə gözləmə mövqeyi tutduğunu deyir, tələsmədiyini bildirir, ya da fantastik məbləğ deyir ki, tutar qatıq, tutmaz ayran.

Asiya bazarında milyonların dövr etməsi statistikası baxımlı olan futbolçuların iştahasını artırıb. Menecerlərin vasitəsi ilə daha çox qazana biləcəkləri ölkələrə üz tutmaq istəyirlər, nəinki avrokuboklarda iştirak etmək.

Ümid edək ki, hazırda yaşanan çətinlik qısa zamanda həll olunacaq. Və bütün təmsilçilərimiz Avropadakı zəfərləri ilə ölkə futbol ictimaiyyətini sevindirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
29
sportinfo.az

1Mənbələr