Şotlandiya parlamenti müstəqillik haqqında referendumun keçirilməsini dəstəkləyib.
Bu barədə Şotlandiya hökuməti “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
“Parlament Şotlandiyanın müstəqilliyi haqqında referendumun keçirilməsinə dair çağırışların dəstəklənməsinin lehinə səs verib”, - bəyanatda deyilir.
Bildirilir ki, deputatların əksəriyyəti (72 nəfər lehinə, 55 nəfər əleyhinə) Şotlandiyanın Birinci naziri Con Suinninin Böyük Britaniyanın hökumətinə müraciətini dəstəkləyib. Nazir 1998-ci il tarixli Şotlandiya Aktının 30-cu maddəsinə uyğun olaraq, müstəqillik referendumunun keçirilməsi səlahiyyətlərini Şotlandiya parlamentinə verəcək fərmanın imzalanmasını tələb edib.
Qeyd edək ki, Şotlandiyada sonuncu dəfə 2014-cü ildə Böyük Britaniyadan ayrılmaqla bağlı referendum keçirilib. Həmin vaxt referendumda iştirak edənlərin 55.4%-i ölkənin Birləşmiş Krallığın tərkibində qalmasına səs verib.
"Cebheinfo.az"