AZ

Kreml mediası Rubionun İrəvan səfərindən niyə narahat oldu?

ABŞ dövlət katibi Marco Rubio-nun İrəvana qısa səfəri Rusiyada geniş müzakirələrə səbəb olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kremlin təsir dairəsinə yaxın media orqanları və ekspertlər səfəri Ermənistanın Qərbə yaxınlaşmasının yeni mərhələsi, hətta Vaşinqtonun Nikol Paşinyan hakimiyyətinə seçkiöncəsi siyasi dəstəyi kimi təqdim etməyə çalışırlar. Bu barədə Rusiyanın aparıcı nəşrlərində diqqətçəkən yazılar dərc olunub.

Rusiyanın “Kommersant” qəzeti istehzalı tonda yazır ki, Rubio həyat yoldaşı ilə birlikdə İrəvana “cəmi bir saatlıq baş çəkib” və hətta Zvartnots hava limanını tərk etməyib. Nəşrin təqdimatına görə, ABŞ dövlət katibi ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında yarım saatlıq görüş hava limanının prezident zalında keçirilib və bundan sonra Rubio dərhal ölkəni tərk edib. Bununla belə, eyni məqalədə etiraf olunur ki, Vaşinqton Ermənistanın “TRIPP” (“Tramp marşrutu”) layihəsinə marağını qoruyur və Rubio açıq şəkildə Ermənistanın “daha müstəqil gələcəyə doğru yol açdığını” bildirib.

Rusiyalı müəlliflər xüsusilə Rubionun Paşinyana dolayı siyasi dəstəyini qabartmağa çalışırlar. “Kommersant”ın yazdığına görə, ABŞ dövlət katibinin “biz bu baxışı və cəsarəti dəstəkləməkdən qürur duyuruq” sözləri Vaşinqtonun 7 iyun parlament seçkilərində kimi dəstəklədiyinə dair “aydın siqnal” olub. Məqalədə daha əvvəl ABŞ vitse-prezidenti Ceyms Devid Vens də İrəvana səfərində Paşinyanı açıq şəkildə müdafiə etdiyi xatırladılır.

“İzvestiya” isə daha sərt ritorika ilə çıxış edərək Paşinyanın Qərbin dəstəyini qazanmağa çalışdığını iddia edir və bunu Ermənistan-Rusiya münasibətlərinin soyuması ilə əlaqələndirir. Qəzet xüsusilə Paşinyanın Avrasiya İqtisadi İttifaqının Astana sammitinə qatılmamasını və Ermənistanın KTMT-də iştirakını dondurmasını ön plana çıxarır.

Rusiyalı ekspertlər arasında səslənən fikirlər də diqqət çəkir. Rusiya Elmlər Akademiyasına bağlı qurumların nümayəndələri Paşinyan hakimiyyətinin qalacağı təqdirdə Moskva-İrəvan münasibətlərinin daha da pisləşəcəyini iddia edir, Ermənistanın gələcəkdə NATO ilə yaxınlaşmasını isə “təhlükə” kimi təqdim edirlər. Bununla yanaşı, Moskva yenə də klassik mesajını təkrarlayır: guya Ermənistan həm Avropa Birliyi, həm də Avrasiya İqtisadi İttifaqı arasında seçim etməlidir.

“Vedomosti” qəzeti isə Rubio ilə Mirzoyan arasında imzalanmış sənədləri diqqətə çatdırır. Məqalədə ABŞ-Ermənistan strateji tərəfdaşlığı, “TRIPP” layihəsi, nadir minerallar və faydalı qazıntılar üzrə əməkdaşlıq, eləcə də müdafiə sahəsində məsləhətləşmələrin genişləndirilməsi barədə razılaşmalar xüsusi vurğulanır. Rusiyalı şərhçilər bunu Vaşinqtonun Cənubi Qafqazda təsir imkanlarını artırmaq və bölgədə Rusiyanın rolunu zəiflətmək cəhdi kimi təqdim etməyə çalışırlar.

Musavat.com

Seçilən
65
musavat.com

1Mənbələr