AZ

Trampın Qəzza üçün yaratdığı “Sülh Şurası” fonduna vəsait daxil olmayıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının yenidən qurulması məqsədilə yaratdığı “Sülh Şurası” fondu ilə bağlı diqqətçəkən məlumat yayılıb.

TurkicWorld xəbər verir ki, Financial Times nəşrinin məlumatına əsasən, fond yaradıldığı vaxtdan indiyədək donor ölkələrdən rəsmi şəkildə heç bir maliyyə vəsaiti qəbul etməyib.

Bildirilir ki, Dünya Bankının idarə etdiyi və BMT tərəfindən dəstəkləndiyi qeyd olunan fond yanvar ayından bəri fəaliyyət göstərsə də, üzv ölkələrin vəd etdiyi milyardlarla dolların heç biri faktiki olaraq köçürülməyib.

Nəşrin məlumatına görə, mənbələrdən biri fonda “sıfır dollar” daxil olduğunu və heç bir ödəniş həyata keçirilmədiyini bildirib.

Məlumata əsasən, Donald Tramp təşəbbüsü İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlardan sonra bölgənin yenidən qurulması məqsədilə irəli sürmüşdü.

Bununla yanaşı, təşəbbüsə Rusiya Prezidenti Vladimir Putinin də daxil olduğu geniş və qeyri-ənənəvi dəvət siyahısının təqdim olunması beynəlxalq dairələrdə müxtəlif suallar yaradıb.

Avropa İttifaqı və BMT tərəfindən apreldə yayımlanan qiymətləndirməyə əsasən, Qəzzanın bərpası üçün qarşıdakı 10 il ərzində 71 milyard dollardan artıq vəsaitə ehtiyac olduğu bildirilir.

Məlumatlarda həmçinin qeyd edilir ki, bir sıra böyük Avropa ölkələri sözügedən təşəbbüsə qoşulmaqdan imtina edib.

Seçilən
63
turkic.world

1Mənbələr