Rusiyada xidmət sektorunda “çaypulu” bazarı sürətlə böyüməyə davam edir və artıq illik həcmi 60 milyard rubldan çox qiymətləndirilir.
Musavat.com xəbər verir ki, analitiklərin məlumatına görə, kuryerlər, taksi sürücüləri, ofisiantlar və çatdırılma məntəqələrinin əməkdaşları üçün çaypulu getdikcə əsas gəlirin vacib hissəsinə çevrilir. Bildirilir ki, əlavə ödənişlər bəzi hallarda gündəlik qazancın 10-30 faizini təşkil edir.
Məlumata əsasən, bir neçə il əvvəl könüllü təşəkkür forması hesab olunan çaypulu artıq restoranlardan kənara çıxaraq taksi, yemək çatdırılması, məntəqə xidmətləri və müxtəlif servis tətbiqlərində də geniş yayılıb. Bir çox tətbiqdə əlavə ödəniş təklifləri birbaşa interfeysə inteqrasiya edilib.
Ekspertlər hesab edir ki, çaypulu sistemi artıq rəqəmsal iqtisadiyyatın ayrılmaz hissəsinə çevrilir. Bununla yanaşı, istifadəçilər arasında tətbiqlərdə davamlı şəkildə əlavə ödəniş istənilməsindən narazılıq da artır.
Analitiklərin fikrincə, istehlakçılar ya əlavə ödəniş etməyə, ya da etmədikdə özlərini narahat hiss etməyə məcbur qalırlar ki, bu da gələcəkdə bazara mənfi təsir göstərə bilər.
Musavat.com