AZ

​Bu gün ən çox onlar qazandı -

Bu gün ölkəmizdə qurban bayramı qeyd olunur. Paytaxt Bakıda və rayonlarda imkanlı şəxslər qurban kəsib ehtiyacı olan ailələrə paylayır. Metbuat.az xəbər verir ki, son bir neçə gündə Bakı şəhərinə təxminən 100 min xırdabuynuzlu heyvan gətirilib. Şəhərin mərkəzində və Bakıətrafı qəsəbələrdə iki yüzdən çox kəsim məntəqəsi fəaliyyət göstərir. Mərkəzdə, o cümlədən ətraf kənd və qəsəbələrdə heyvan satışı ilə paralel qurbanlıq qoyunların kəsimi də təşkil edilib. Hər iki xidmət üçün ayrıca ödəniş tələb olunub. Müxbirimiz Yeni Ramana və Zabrat qəsəbələrində qurbanlıq heyvanların satışı ilə məşğul olan bir neçə məntəqəyə baş çəkib. Hər iki qəsəbədə qiymətlər oxşar olub. Satıcılar qırxılmış qoyunları 11 manat 50 qəpikdən, yunlu qoyunları isə 11 manatdan alicılara təklif ediblər. Bazarda diri çəkisi 25-60 kiloqram arasında dəyişən heyvanlar çoxluq təşkil edib. Sahib adlı fermer deyib ki, ötən illə müqayisədə qiymətlər bir qədər artdığı üçün müştərilər bu il diri çəkisi 30-40 kiloqram arasında dəyişən qoçları almağa üstünlük verirlər: "Diri çəkisi 50-60 kiloqram olan xırdabuynuzlu heyvanları əsasən oğlu nişanlı olan ailələr alır. Bu gün nişanlı qızların evinə aparmaq üçün 500 manatdan üç, 550 manatdan isə iki erkək satmışıq. Bir kiloqram quzu ətinin qiyməti 22-23 manat civarındadır".Metbuat.az-ın əməkdaşı qəssablarla da söhbətləşib. Məlum olub ki, onlar fermerlərdən heç də az qazanmırlar. Elxan adlı qəssab bir heyvanı kəsib və soymaq üçün 20 manat xidmət haqqı aldığını deyib. Onun sözlərinə görə, müştəri qoçu doğratmaq istəsə, əlavə 10 manat ödəməlidir. "Bu gün 16 heyvan kəsib soymuşam. Yeddi qoçu isə həm kəsmişəm, həm də doğrayıb müstəriyə təhvil vermişəm. Allah bərəkət versin", - Elxan bugünkü qazancından məmnun qaldığını vurğulayıb.

Səbinə Hüseynzadə / Metbuat.az

Seçilən
32
metbuat.az

1Mənbələr