AZ

Tramp Omanı hədələyib: Əks halda onu partlatmalı olacağıq...

ABŞ prezidenti Hörmüz boğazı və regiondakı dəniz marşrutlarına nəzarətlə bağlı sərt açıqlamalar verib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trump Hörmüz boğazı və Yaxın Şərqdəki strateji dəniz keçidlərinə dair qalmaqallı bəyanat səsləndirib. O bildirib ki, bölgədəki boğazlar “hamı üçün açıq qalmalıdır” və heç bir dövlət həmin keçidlər üzərində tam nəzarət qura bilməz.

Tramp çıxışı zamanı ABŞ-ın regiondakı vəziyyəti yaxından izlədiyini vurğulayaraq deyib ki, Vaşinqton dəniz marşrutlarının təhlükəsizliyini təmin etmək üçün prosesə nəzarət edəcək. ABŞ prezidenti xüsusilə Hörmüz boğazının qlobal enerji bazarları üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.

Omanla bağlı sərt ifadələr işlədən Tramp bildirib ki, Maskat administrasiyası digər ölkələr kimi davranmalıdır. Onun sözlərinə görə, əgər Oman Vaşinqtonun gözləntilərinə uyğun hərəkət etməsə, ABŞ daha sərt addımlar ata bilər.

“Boğazlar hamı üçün açıq olacaq və heç kim onlar üzərində nəzarət qurmayacaq. Biz onlara nəzarət edəcəyik. Oman da hamı kimi davranacaq, əks halda onu partlatmalı olacağıq”, deyə Tramp bildirib.

Ekspertlər hesab edirlər ki, bu cür bəyanatlar Yaxın Şərqdə onsuz da gərgin olan geosiyasi vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Xüsusilə Hörmüz boğazı ətrafında İran, ABŞ və Körfəz ölkələri arasında davam edən qarşıdurma fonunda bu açıqlamalar beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub.

Qeyd edək ki, Hörmüz boğazı dünya üzrə neft tədarükünün mühüm hissəsinin daşındığı əsas marşrutlardan biri hesab olunur və burada yaranan hər hansı təhlükə qlobal enerji qiymətlərinə birbaşa təsir göstərir.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr