Azertag saytına istinadən ain.az xəbər verir.
Bakı, 27 may, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir. Həmin iqtisadi rayonlar yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə deyib.
Aslan Əzimzadə qeyd edib ki, regionlarda həyata keçirilən mütərəqqi quruculuq işləri və iqtisadi islahatlar uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına və sahələrarası balansın daha effektiv formalaşmasına müsbət təsir göstərəcək.
Ekspert bildirib ki, əsas istiqamətlərdən biri investisiyaların innovasiya yönümlü olmasıdır: “Bu gün Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi innovativ yanaşmanın göstəricisidir. Lakin innovasiyalar yalnız tikinti sektoru ilə məhdudlaşmır. Kənd təsərrüfatı və sənaye sahələrində də yeni texnologiyalara yönələn investisiyalar regionun rentabelliyini artıran əsas amillərdən biri olacaq”.
Aslan Əzimzadə qeyd edib ki, aparılan tədqiqatlara əsasən, kənd təsərrüfatı və sənaye sahələrində nano və biotexnologiyaların tətbiqi gəlirliliyi 35-40 faizə qədər artıra bilər.
“Düşünürəm ki, yaxın dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu texnologiyaların kənd təsərrüfatı və sənaye sektorlarına geniş şəkildə tətbiqinin şahidi olacağıq. Bu isə həm dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə, həm də qabaqlayıcı iqtisadi artımın stimullaşdırılmasına imkan yaradacaq”, - deyə ekspert vurğulayıb.
Müxbir - Pərvanə Qafarova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.