AZ

Göyərçinləri qatara “mindirən” yəhudi ağlı

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Ravvin oğlu İsrail Ber Yoşafat Müqəddəs Roma İmperiyası tarixinin sonlarında onun bir hissəsi olan Hessen-Kassel landqraflığının paytaxtı Kassel şəhərində anadan olub. O, yerli ravvin Samuel Levi Yoşafatın beş uşağından biri idi. 1829-cu ildə, yəni İsrailin 13 yaşı olanda atası vəfat edib və oğlan Göttingendə yaşayan dayısının yanına göndərilib. Bu qərar İsrailin taleyində çox mühüm rol oynayıb. İsrailin dayısı bankir idi və gənc boş oturmasın deyə, onu yanında klerk kimi işə götürdü. Bunun sayəsində İsrail görkəmli riyaziyyatçı və fizik Karl Fridrix Qaussla tanış oldu. O, yerli universitetin professoru idi və başqa bir görkəmli alman fiziki Vilhelm Veberlə birlikdə teleqraf yararmaq üzərində çalışmışdı. İxtira 1833-cü ildə ictimaiyyətə təqdim edilsə də, İsrail onunla daha əvvəl tanış olmuşdu. Qauss gənc İsraili Qettingen Universitetində mesajların elektrik siqnalından istifadə edilərək ötürülməsi üzrə təcrübələrlə tanış olmağa dəvət etdi. Mesajlar fizika kafedrasından üç kilometr məsafədə yerləşən universitet rəsədxanasına ötürülürdü. Mesaj sürəti dəqiqədə altı söz idi. İnformasiyanın bir şəhərdən digərinə günlərlə, bəzi ölkələrə isə həftələrlə getdiyi bir dövrdə bu, əsl inqilab idi. Lakin Qaussun təcrübələri elmi layihə olaraq qaldı: alim onlar üçün maliyyə tapa bilmədi və nəticədə dünya 1837-ci ildə öz sistemini təqdim edən amerikalı ixtiraçı Samuel Morzenin teleqrafından istifadə etməyə başladı. İnqilabçı Hollivudun haqqında bioqrafiya filmi çəkdiyi, dünya şöhrətli informasiya agentliyinin yaradıcısı olan böyük novatorun gənclik illəri haqqında çox az məlumat var. Olanlar da bir çox hallarda ziddiyyətlidir. Məsələn, 1845-ci ildə İsrailin lüteran olduğu və evləndiyi dəqiq məlumdur. Bununla belə, mənbələrdə təfərrüatlar fərqlidir. Ümumi qəbul edilmiş versiyaya görə, bu, Londonda, Müqəddəs Georgi lüteran kilsəsində baş verib. Lakin digər mənbələr iddia edir ki, hər iki hadisə - vəftiz və toy Berlində baş tutub. Ancaq bütün bioqrafların və mənbələrin razılaşdığı məqam budur ki, İsrailin yeni adı Ber Yoşafat Paul Yulius Reyter olub və o, Berlin bankiri Fridrix Martin Maqnusun qızı İda Maria Elizabet Klementine ilə evlənib. Bütün mənbələr qraf Maqnusun da, Paul Yulius Reyter kimi, lüteranlığı qəbul etmiş yəhudi olduğunu qeyd ediblər. Paul və İdanın iki il ərzində harada olduqları, nə etdikləri də dəqiq bilinmir. Ancaq məlumdur ki, 1847-ci ildə onlar artıq Berlində yaşayırdılar və Paulun artıq öz işi vardı. O, 1830-cu ildə qaynatasının maddi yardımı olmadan Josef Starqardt tərəfindən əsası qoyulmuş kiçik bir nəşriyyat və kitab mağazası aldı. Paul nəşriyyatın yaradıcısının adını saxlamağa qərar verdi və “Reuters & Stargardt” adlandırdi. Bu biznes uzun sürmədi. Bunun səbəbi monarxiyanı tərəqqiyə mane olan köhnəlmiş idarəetmə forması hesab edən gənc Paulun siyasi baxışları idi. Onun nəşriyyatı sosialist hərəkatını dəstəkləyən vərəqələr və kitabçalar çap edirdi. 1848-ci ildə Almaniya da daxil olmaqla, bütün Avropada üsyanlar başlayanda və hakimiyyət monarxiya əleyhinə çıxış etməyə cəsarət edən hər kəsi təqib edəndə o, arvadı ilə birlikdə qaçmağa qərar verdi. Göyərçin poçtunun rəisi Reyter bu dəfə Parisə gəldi. Berlindəki şəxsi biznesi inqilabçılarla birlikdə darmadağın edildi, yeni müəssisə almağa isə pulu yox idi. Özünü və yoxsulluğa öyrəşməyən arvadını yedirtmək üçün nəsə lazım idi. Bu zaman tale Paulu xəbərlər aləminə gətirdi. Reyter dünyanın ilk agentliyi olan “Qavas”a işə düzəldi, sonradan onun əsasında “Frans-Press” agentliyi yaradılacaqdı. Agentlik öz işinə xarici nəşrlərdən məqalələrin toplanması, tərcüməsi və Fransada yayılması ilə başlayıb. Özünə hörmət edən bütün Paris və əyalət nəşrləri “Qavas”ın abunəçiləri idi, lakin agentliyin qurucusu Jan-Lui Qavasın ambisiyaları artdı və o artıq agentliyin bütün Avropa üzrə xəbərləri Fransada və xaricdə alıb-satan müxbir şəbəkəsini yaratmağı arzulayırdı. Gənc Reyter bu biznes planına yaxşı uyğunlaşdı: o, fransızca məqalələri və fond hesabatlarını alman qəzetləri üçün tərcümə edirdi.

Parisdə, Qavas agentliyində işləyərkən Paulda xəbər agentliyinin necə işləməsi barədə ilk təsəvvür yarandı. Amma o təkcə müşahidə etmir, həm də kəşf edirdi. O vaxt məlumatlar bütün Avropaya teleqraf xətləri vasitəsilə ötürülürdü. Lakin Avropanın teleqraf şəbəkəsində müəyyən boşluqlar var idi. Məsələn, Parislə Berlin arasında birbaşa teleqraf rabitəsi yox idi. Berlindən Aahenə (Belçika sərhədi yaxınlığında) və Parisdən Brüsselə cəmi bir xətt var idi. Aahen və Brüssel arasında informasiyalar köhnə üsulla - orta hesabla doqquz saat vaxt aparan poçt vaqonları vasiyəsilə yayılırdı. Reyter “Qavas”dakı problemin göyərçin poçtu ilə həll edilə biləcəyini kəşf etdi və bunu yeni iş açmaq üçün fürsət olaraq gördü. Paul dərhal yerli bir tacirdən 40 öyrədilmiş quş aldı və onlar bir neçə saat ərzində Brüsselə xəbərlər və fond hesabatları olan məktublar aparmağa başladılar. Bundan sonra göyərçinlər qatara “oturaraq” yenidən Aahenə qayıdırdılar və bunun üçün Reyter hər gün pul ödəməli olurdu. Ancaq göyərçinlərin gündəlik qatar səfərləri belə, məlumatları daha sürətli və daha qənaətlə çatdırılmağa imkan verirdi. Lakin Reuterin yeni işi də Berlindəki nəşriyyat kimi uzun sürmədi. Çünki 1851-ci ildə Paris və Berlin arasında teleqraf xətti yarandı. İnformasiya agenti “1850-ci ildə Belçikada Aahendən Verviersə teleqraf xətti çəkilişi zamanı Köln və Brüssel arasında göyərçin poçtunun sahibi, cənab Reyterlə tanış oldum. Onun gəlirli biznesi elektrik teleqraf xətləri çəkildikdən sonra məhv olmuşdu. O zaman ərini müşayiət edən xanım Reyter bizneslərinin məhv olması ilə bağlı şikayətlənəndə mən cütlüyə Londona getməyi və orada teleqraf agentliyi yaratmağı tövsiyə etdim",- məşhur konsernin mühəndisi və qurucusu Verner fon Siemens memuarlarında yazır. Əslində Siemens yeni tanışına insayder məlumatları vermişdi: o bilirdi ki, bir ildən sonra La-manş kanalının dibi ilə kontinental Avropanı Böyük Britaniya ilə birləşdirəcək teleqraf kabeli çəkiləcək. Paul Yulius Reyter Siemensin məsləhətindən faydalandı. Birja hesabatlarının və bazar xəbərlərinin yayılmasının nə qədər sərfəli və tələbatlı olduğunu dərk edən Paul Avropanın yeni maliyyə mərkəzinə – Londona tələsdi. O, Kral Birjasının yanında ofis açdı və onun qiymətləri haqqında Paris brokerlərinə məlumatlar çatdıran eksklüziv distribyutor oldu. Sonradan fond hesabatlarına qısa xəbərlər də əlavə olundu. Düzdür, o vaxt Britaniya xəbər bazarında hökmranlıq edən “The Times” qəzeti ilə anlaşılmazlıq oldu. Paul Reyter qəzetə öz xidmətlərini təklif edəndə redaktor cavab verdi ki, o öz müxbirlərinin anonim məlumatlarını əvəz etmək niyyətində deyil. “Biz buna jurnalistika deyirik“, - o, ibrətamiz şəkildə əlavə etdi. “The Times”ın imtinası başqa birini pərt edərdi, ancaq Paul Yulius Reyter ruhdan düşmədi. O, regional və hətta Şotlandiya qəzetlərinə öz məlumatlarını ilkin dövr üçün tamamilə pulsuz təklif etdi və bununla agentliyi tez bir zamanda abunəçilərlə təmin etdi. Tezliklə bütün Britaniya qəzetləri, o cümlədən “The Times” onun xidmətindən istifadə etdi. Avropa nəşrləri Reyterin müştərilərinə çevrildikdə, agentlik həqiqətən beynəlxalq status qazandı. İnfokartel rəhbəri “Reyter” dünyada ilk informasiya bürosu deyildi. Lakin Paul Reyter onu həqiqətən eksklüziv materialların yayıcısı etmək haqqında düşündü. 1859-cu ildə Fransa imperatoru III Napoleonu Avstriya-İtaliya-Fransa müharibəsinin başlandığını elan edən nitqinin mətnini ona təqdim etməsi üçün yola gətirə bildi. Nəticədə “Reyter” abunəçiləri müharibə haqqında Napoleon onu elan etməmişdən əvvəl xəbər tutdular.

Amerikadakı Vətəndaş Müharibəsi zamanı Reyterin ağlına oradan qəzet gətirən gəmiləri İrlandiya sahillərində qarşılamaq və xəbərləri Londona teleqrafla ötürmək ideyası gəldi. Düzdür, tezliklə bu təcrübədən onun rəqibləri istifadə etməyə başladılar, ancaq Abraham Linkolnun öldürülməsi barədə ilk məlumatı məhz “Reyter” agentliyi yaydı (Amerika prezidentinin ölümü haqda xəbər okeanın o tayından cəmi 12 günə gəldi, o zaman bu, inanılmaz dərəcədə sürətli görünürdü). Bu hadisə agentliyin əsas xəbər provayderi statusunu təmin etdi. Marketinqə gəlincə, xəbərlərin mənbəyini, həm də mətnin əvvəlində göstərmək ideyasını da ilk dəfə məhz Paul Reyter tətbiq edib. Bununla o, müştərilərə məlumatın həqiqiliyinə zəmanət verdiyini açıqlamaqla yanaşı, həm də bu gün deyildiyi kimi, öz brendinin tanınma dərəcəsini artırdı. Nəticədə, Reyter nəinki Avropa bazarının digər əsas oyunçuları arasında itib-batmadı, hətta onların hamısını sıxışdırmağı bacardı. 1859-cu ildə Reyterin, Qavasın və alman naşiri Volfun agentlikləri təsir dairələrinin bölünməsinə dair bir növ kartel müqaviləsi bağladılar. Bundan ən çox bütün Britaniya İmperiyasını qeyd-şərtsiz təsir dairəsi kimi qəbul edən “Reyter” faydalandı. 1875-ci ildə Amerika Associated Press də kartelə qoşuldu. Baron Paul Reyterin xəbər dünyasının inkişafına verdiyi töhfələr 1871-ci ildə vətəni Almaniyada yüksək qiymətləndirilib. O zaman Saks-Koburq-Qot hersoqu II Ernst Reyterə baron titulu verdi. Bir il sonra baron az qala İranın yarısına sahibi oldu. Şah yerli yollar, teleqraflar, fabriklər, körpülər, bəndlər, dəmir yolları, xammal emalı, hətta dövlət bankı yaradılması hüquqlarının güzəştli şərtlərlə Reyterə verilməsi haqda fərman imzaladı. Lakin güzəşt heç vaxt qüvvəyə minmədi. Bu xəbərdən dəhşətə gələn ruhani elitası və yüksək biznes nümayəndələri şahı öz mövqeyini dəyişməyə və müqaviləni ləğv etməyə razı sala bildilər. 1891-ci ildə Paul Reyter Britaniya kraliçası Viktoriyadan da baron titulu aldı. Baron Reyter 1899-cu ildə Fransanın Nitsa şəhərindəki villasında dünya səviyyəli bir xəbər agentliyini və altı uşağını miras qoyaraq həyatı tərk etdi. Ailənin sonuncu üzvü, Paul Yulius Reyterin nəvəsi Marqarita Baronessa de Reyter 2009-cu il yanvar 25-də 96 yaşında vəfat etdi. AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
azvision.az

2Mənbələr