AZ

"Evin damını söküblər" iddiasına şirkətdən cavab: "Ona 16 min manat ödəmişik" - VİDEO

Paytaxtın Nizami rayonu, Məmməd Səid Ordubadi küçəsi, 6A ünvanında yerləşən fərdi yaşayış evində təhlükəli vəziyyət yaranıb.

 

Bu barədə Baku TV-nin videomaterialında bildirilib.

 

Sakin iddia edir ki, yaxınlıqda "Rahat Residence" tərəfindən aparılan işlər zamanı onun evinin dam örtüyü sökülüb, həmçinin yeni binanın bünövrəsi üçün yaşayış evinə çox yaxın məsafədə qazıntı işləri aparılıb.

 

Şikayətçi bildirib ki, tərəflər arasında əvvəlcədən razılaşma əldə olunub və bununla bağlı müqavilə imzalanıb. Lakin onun sözlərinə görə, sonradan tikinti şirkəti müqavilənin şərtlərinə əməl etmədiyi üçün o, razılaşmanı birtərəfli qaydada pozub. İddiaya görə, yağan yağışlardan sonra evin altındakı torpaq qatı yuyulub və nəticədə tikili qəzalı vəziyyətə düşüb.

 

Məsələ ilə bağlı "Rahat Residence" şirkətinin nümayəndələri isə səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini bildiriblər.

 

"Vətəndaşla rəsmi müqavilə bağlanıb. Şərtlərə görə, sakinə hər ay 1 200 manat pul ödənilməlidir. Sadəcə olaraq vətəndaş hələ də evi boşaltmayıb. Müqavilədə sakinin ona təklif olunan yaşayış sahəsinin kvadratmetri ilə razılaşdığı aydın şəkildə qeyd olunub. Hətta təmir işlərinə görə vətəndaşa 16 min manat vəsait də ödənilib. Hüquqi olaraq həmin ev artıq şirkətimizin balansına verilib", - deyə şirkətin direktoru Xıdır Güləhmədov qeyd edib.

 

Tarix: 28 May 2026, 02:14   
Seçilən
107
pravda.az

1Mənbələr