AZ

Dondurmanın təhlükəsiz istehlak norması açıqlanıb

Rusiyalı mütəxəssis Svetlana Korpaçeva dondurmanın həddindən artıq istifadəsinin sağlamlıq üçün risk yarada biləcəyini bildirib. Onun sözlərinə görə, insanlar dondurmanı həftədə ən çox 2-3 dəfə istehlak etməlidirlər.

Editor.az-ın məlumatına görə, Novosibirsk Dövlət Texniki Universitetinin qida istehsalı texnologiyası və təşkili kafedrasının dosenti olan Korpaçeva qeyd edib ki, dondurmanın enerji dəyəri reseptindən asılı olaraq 100 qramda orta hesabla 110-270 kilokalori arasında dəyişir. Məhsulun kalorili olması əsasən tərkibindəki yağ və şəkər miqdarı ilə əlaqədardır.

Mütəxəssis vurğulayıb ki, dondurmanın tərkibində kalsium olsa da, yüksək kalorili və şəkərli olduğu üçün onun istifadəsinə məhdudiyyət qoyulması tövsiyə edilir.

Korpaçevanın sözlərinə görə, yağlılıq səviyyəsinə əsasən dondurma üç növə bölünür:

  • süd əsaslı dondurma – 7,5%-dək yağlılıq,
  • qaymaqlı dondurma – 11,5%-dək yağlılıq,
  • plombir növü – 12%-20% yağlılıq.

Bununla yanaşı, məhsulun tərkibində zülallar, yağlar, karbohidratlar, vitaminlər, makro və mikroelementlər olduğu üçün yüksək qida və bioloji dəyərə malik olduğu bildirilir.

Ekspert əlavə edib ki, insan orqanizmi üçün dəmir, mis, kobalt, sink və yod kimi mikroelementlər vacibdir. Xüsusilə uşaqlar üçün kalsium, fosfor, dəmir və maqneziumun əhəmiyyəti böyükdür.

Mütəxəssislər balanslı qidalanmanın qorunması və şəkərli məhsulların normadan artıq istehlak edilməməsinin vacibliyini də xatırladıblar.

//Gülnarə Abasova, Editor.az

Seçilən
39
editor.az

1Mənbələr