ABŞ-nin iki ştatının baş prokurorları 2026-cı il Dünya Kuboku biletlərinin satışında mümkün pozuntularla bağlı Beynəlxalq Futbol Federasiyasına (FIFA) qarşı birgə araşdırma başladıblar.
Musavat.com xəbər verir ki, Nyu-Cersi baş prokurorunun veb saytında dərc olunmuş açıqlamada deyilir: "Nyu-Cersi baş prokuroru Cennifer Deyvenport və Nyu-York baş prokuroru Letitia Ceyms bu gün FİFA-nın qarşıdan gələn Dünya Kuboku üçün bilet satışı təcrübələri ilə bağlı araşdırma elan edirlər".
Bəyanatda qeyd olunur ki, mediada yayılan məlumatlar azarkeşlərin bilet alarkən stadion oturacaqlarının yerləri barədə yanlış məlumatlandırılmış ola biləcəyini göstərir. Həmçinin qeyd olunub ki, FİFA nümayəndələrinin ictimai açıqlamaları və bilet satışı prosesi qiymətlərin kəskin artmasına səbəb ola bilərdi.
Bu baxımdan, baş prokurorlar FİFA-ya təşkilatın bilet satışı təcrübələri ilə bağlı aydınlıq gətirilməsini xahiş edən sorğu göndəriblər. Xüsusilə onlar turnir finalının 19 iyulda keçirilməsi planlaşdırılan Nyu-Cersi ştatında keçiriləcək səkkiz oyun haqqında ətraflı məlumat istəyiblər.
CNN xatırladır ki, ABŞ-də keçiriləcək Dünya Kuboku qrup mərhələsi oyunları üçün bəzi biletlər satışın əvvəlində cəmi 60 dollara təklif olunduğu halda, tezliklə qiymətlər kəskin şəkildə artaraq 600 dollardan çox olub. Final üçün bəzi biletlər 10.990 dollara çatıb, bəziləri isə böyük məbləğlərə, hətta 2 milyon dollara satılıb.
Dünən ABŞ prezidenti Donald Tramp Dünya Kuboku biletlərinin satışını böyük uğur hesab etdiyini bildirib.
Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində Kanada, Meksika və ABŞ-də keçiriləcək.
Musavat.com