ABŞ dövlət katibi Marko Rubio Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən dövlət katibinin bəyanatında bildirilib. Mətndə Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqına təbriklər çatdırılıb və son bir il ərzində iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusi vurğulanıb.
Dövlət katibi qeyd edib ki, bu prosesin kulminasiya nöqtəsi ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması olub. Bəyanatda həmçinin regional əlaqələrin genişləndirilməsi, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq vasitəsilə tərəfdaşlığın daha da möhkəmləndiriləcəyi ifadə edilib. Vaşinqtonun Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına sadiqliyini alqışladığı və qarşıdakı ildə bu əlaqələri daha da dərinləşdirmək niyyətində olduğu bildirilib.
Musavat.com