“Şəfa” klubunun yeni vitse-prezidenti təyin olunan Əfran İsmayılov QOL.az saytının suallarını cavablandırıb.
- Əvvəlcə yeni işinizdə uğurlar arzu edirəm. Təyinatınız necə oldu?
- “Şəfa” rəhbərliyi mənə əziz, doğma insanlardır. Onsuz da onlara ürəkdən kömək edirdim. Komanda Premyer Liqaya yüksələndən sonra düşünməli idim. Çalışdığım “Araz-Naxçıvan” rəhbərliyi ilə danışdım. Başda Zaur Axundov olmaqla mənə çox dəstək oldular. Sağ olsunlar. “Araz-Naxçıvan”da işləmək mənim üçün böyük təcrübə oldu. Orada yığdığım təcrübə ilə “Şəfa”ya gəldim. Bilirəm ki, böyük bir məsuliyyəti üzərimə götürmüşəm. Əlimdən gələni edəcəm ki, hər zaman uğurlu işlərə imza ataq. Görüləcək iş çoxdur. Yeni komanda qurulur. Bünövrəni möhkəm qurmaq lazımdır. Bunun üçün çalışıram.
- Görüləcək işlər nədən ibarətdir?
- Yetərincə çox iş var. Klubda hamı bu işi görməyə hazırdır. Yeni oyunçuların alınması, bəziləri ilə vidalaşmaq, stadion, nəqliyyat məsələləri var. Şükürlər olsun ki, lisenziyalaşdırma məsələsi həll olunub. Amma Premyer Liqaya hazır olmaq üçün çox iş görüləcək. Artıq qollarımızı çırmalamışıq. Qarşıda duran işlərdən ən əsası komandanın bünovrəsini yaxşı qurmaq, mübariz kollektiv formalaşdırmaqdır. Bu mövsüm Premyer Liqada qalmaq, mümkün qədər irəli getməyi planlaşdırırıq. Əzmkar komanda yaradıb, o biri mövsüm daha böyük nəticələr qazanmağı düşünürük.
- “Şəfa” Premyer Liqada da yerli oyunçularla mübarizə aparacaq, yoxsa legionerlər də olacaq?
- Əslində əvvəl düşünürdük ki, azərbaycanlı futbolçularla davam edək. Sonra baxdıq ki, yerli futbolçuların sayı çox azdır. Həm də azərbaycanlı futbolçular bizim sırf yerli futbolçularla oynamaq istəyimizin olduğuna görə elə qiymət deyirlər ki, ancaq 4-5 oyunçu ala bilərik. Bu səbəbdən klub prezidenti Kənan Sadıqlı ilə danışdım, bildirdim ki, bizə şərait yaratsınlar, heç olmasa bir neçə legioner gətirə bilək. Rəhbərlik də bu xahişimi isti qarşıladı. İndi onun müzakirəsi gedir.
- Yerli oyunçular pulu əcnəbilərdən çox istəyirlər?
- Bəli, həddən çox pul istəyirlər. Həm də görürük ki, yerlilər arasında istədiyimiz mövqeyə oyunçu seçə bilmirik. Seçim çox azdır. Nə qədər desək ki, yerli futbolçularla oynayırıq, görürsən ki, belə komanda ilə bir yerə gəlib çıxa bilmirsən. Çünki resurs yoxdur. Üstəlik də yerli futbolçuların qiyməti 5-dirsə, 10 deyir. Ona görə də çətinliklə üzləşdik. Qərara gəldik ki, komandada bir qədər də legioner olsun. Klub rəhbəri ilə o barədə çox müzakirə apardıq. Rəhbərlik bu cür məsələdə çox həssasdır. Azərbaycanlı futbolçuların oynamasını istəyir. Amma baxırsan ki, yerli futbolçu da qiyməti həddən çox deyir. İstədiyimiz mövqeyə oyunçu tapa bilmirik. Bu çətinliklər önəmli məqamlardır. Ona görə də klub rəhbəri Kənan Sadıqlıya bildirdim ki, yaxşı legionerlərimiz olmasa, Premyer Liqada qalmaq da çətin olacaq.
- Azərbaycanlı futbolçunun istədiyi məbləğə normal legioner gətirə bilərsiniz?
- Əlbəttə. Elə azərbaycanlı futbolçu var ki, istədiyi məbləğə iki nəfər legioner gətirə bilərəm.
- O legionerlər yaxşı futbolçular olacaq?
- Təbii ki, yaxşı olacaq. “Şamaxı”nın legionerləri pisdir? Baxırıq ki, ayda 4-5 min manat pul alırlar. Maksimum alsın 10 min manat. Amma azərbaycanlı futbolçula ondan çox artıq qiymət deyir. O futbolçuya istədiyi pulu vermək olar. Amma 4-5 belə futbolçu gətirsək, büdcə dağılar. Ona görə də belə çətinliklər var. Həm də bizim yerli futbolçulara üstünlük verdiyimizi bildiklərinə görə çox rahat şəkildə danışırlar, başqa təkliflərinin də olduğunu deyirlər.
- Əslində legioner limitinin ləğvindən sonra yerli futbolçular klublarla daha asan razılığa gəlməli idi.
- Mən də futbolçu olmuşam. Onları başa düşürəm. Biz də istəyirik ki, yerlilər oynasın, qazansın. Amma bu bazarda bütün qiymətləti bilirəm. Kimin qiyməti nə qədər olduğundan xəbərdaram. Amma sən qiymətindən iki dəfə artıq deyəndə adama ağır gəlir. Rəhbərliyin fikri sırf azərbaycanlı futbolçular idi. Amma danışdıq, başa saldıq ki, belə olmayacaq, bir neçə legioner futbolçu gəlməlidir.
- İstədiyiniz legionerlər alınacaq?
- Bəli, danışıqlar son mərhələdədir.
- Yerli futbolçu transferi necə, olacaq?
- Razılaşdığımız yerli futbolçular da var. Bizim yenə də əsas məqsədimiz azərbaycanlılara üstünlük verməkdir. Buna doğru da gedirik. Sadəcə bəzi yerli futbolçular qiyməti çox yüksək deyir. Biz də bəlli büdcəmizdən qırağa çıxa bilmərik.
- Baş məşqçi Elgiz Kərəmli ilə yolların ayrılması necə baş verdi?
- Elgizlə halalaşıb yolları ayırmışıq. Mən ona təklif irəli sürdüm ki, yeni gələn baş məşqçi ilə köməkçi kimi çalışa bilərsən. Elgiz çox xarakterli, mədəni insandır. Amma siz də bilirsiniz ki, Premyer Liqa elə bir yarışdır ki, orda səviyyə çox fərqlidir. Ona görə Elgiz Kərəmliyə bildirdim ki, bir az təcrübə toplamalısan. O təcrübə də hansısa məşqçinin yanında ola bilər. Amma dedi ki, mənim ambisiyam böyükdür, artıq baş məşqçi kimi davam etmək istəyirəm. Mən də dedim ki, daha təcrübəli məşqçi axtrarırıq. Sağ olsun ki, anlayışla qarşıladı. Dedi ki, sizi başa düşürəm.
- Elgiz Kərəmlinin müqaviləsindəki şərtlərə görə, komanda Premyer Liqaya yüksəlsə, sözləşməsi artırılacaqdı. Bu, əvvəlki rəhbərliyin vaxtında olduğuna görə qərar belə oldu?
- Açığı, bundan əvvəl də bütün işləri görən Kənan müəllim idi. Elgiz Kərəmlini də gətirən o idi. Kənan müəllimin qərarı ilə də yola salındı. Məşqçinin özü ilə danışdıq, təcrübə məsələsini bildirdik. Ona köməkçi kimi qalmağı təklif etsək də razılaşmadı. Hətta Avropa klublarından birinə təcrübə toplamağa göndərməyi də təklif etdik. O isə bildirdi ki, ambisiyası yüksəkdir və baş məçqçi kimi çalışmaq istəyir.
- Komandanı Premyer Liqaya yüksəldən baş məşqçinin göndərilməsi birmənalı qarşılanmadı. Ona Premyer Liqada da şans vermək olmazdı?
- Başa düşüləndir. Futbolda belə şeylər çox görmüşəm. Qeyd etdiyim kimi, mən ona köməkçi kimi çalışmağı, təcrübə toplamağı təklif etdim. Amma razılaşmadı. Etiraz edən insanları da başa düşürəm. Bəzilərinin çox şeydən xəbəri yoxdur, qıraqdan fikir bildirirlər. Mən hamısına hörmətlə yanaşıram.Amma bizim öz yolumuz, öz istəyimiz, edə biləcəyimiz şeylər var. Bu cür şeylərə fikir versək, işimiz axsaya bilər.
- Ayxan Abbasov, Aftandil Hacıyev, Zaur Həşimovun adı “Şəfa” ilə çəkilir.
- Çox baş məşqçinin adı çəkilirdi. Amma biz Elgiz Kərəmliyə fikrimizi deməmiş heç bir məşqçi ilə danışmamışdıq. Biz heç vaxt belə bir şey edə bilmərik. Bu, etikadan kənar olardı. Fikrimizdə ola bilər, amma danışıq olmamışdı. Razılaşdığımız baş məşqçi var. Hər şey dəqiqləşəndən sonra klub özü açıqlayacaq.
- Yeni baş məşqçinin təyinatı nə vaxt açıqlanacaq?
- Yəqin ki, yaxın 2-3 gün ərzində açıqlanacaq.
- Premyer Liqada ev oyunlarını keçirəcəyiniz stadion dəqiqləşib?
- Bizim ilk gündən fikrimiz stadiondur. Klub rəhbərliyi böyük bir maliyyə ayırmağı nəzərdə tutub ki, stadion tikilsin. AFFA ilə, bir çox insanlarla görüşmüşük. Bildirmişik ki, bizə stadion verin, biz oranı təmir edək, düzəldək, sabah özünüz də istifadə edin.”Ask Arena” (Keçmiş “Şəfa” stadionu-red.) “Ədliyyə” ilə danışdıq, alınmadı. Maliyyə yatırmaq istəyən investor var, amma çətinlik yaradılır. Biz də bu işi əmələ gətirə bilmirik. Demək olar ki, bütün boş qalan stadionlara müraciət etdik, amma heç biri ilə danışığımız alınmadı. Sonda məcbur olduq ki, "Sumqayıt"la danışaq. Onlar da sağ olsunlar, razılıq verdilər. Ev oyunlarını Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirəcəyik.
- Stadion tikmək istədiyinizi dediniz. Yer seçmisiniz?
- Bir neçə yer müəyyənləşdirmişik. Həmin ərazilərin birində stadion tikməyi planlaşdırırıq. Çoxları yazır ki, stadionları yoxdur, amma Premyer Liqaya gəliblər. Amma biz ilk gündən stadion məsələsini həll etməyə çalışırıq. İstəyirik ki, öz bazamız, stadionumuz olsun. Tapşırmışam ki, boş ərazilərə baxış keçirilsin, bir yer tapıb öz stadionumuzu tikək. Sırf stadiona görə ayrıca adam tutmuşuq, bu işlə məşğul olur. Amma hələ ki, alınmır. Sizin vasitənizlə deyirəm ki, biz ilk gündən stadion axtarışındayıq. Böyümək, Azərbaycan futboluna fayda vermək istəyirik. Bunun üçün isə ilk növbəfə yaxşı baza, stadionlar olmalıdır. “Şəfa” rəhbərliyi futbola ona görə gəlib ki, Azərbaycan futbolu inkişaf etsin. Bizim klubda akademiyaya ayrıca önəm verirlər. Ayrıca bazamızın olmasını istəyirik. Hazırda yer axtarışı gedir.
- Məşqləri BOS-da edib, ev oyunlarını Sumqayıtda oynamaq çətin olmayacaq?
- Bu, məcburiyyətdəndir. Təbii ki, çətindir. Yer tapan kimi stadion tikəcəyik. Öz stadionumuz olacaq. Bizim əsas istəyimiz “Şəfa” stadionu idi. Çünki orda “Şəfa” adı var. Çox müraciət etdik, amma alınmadı. Dedik ki, stadionu bizə icarəyə verin, oranı tamam bərpa edək. Alınmadığına görə çəkildik qırağa. Demək olar ki, Azərbaycanda boş qalan stadionların hamısına müraciət etdik. Alınmadığını görəndə düşündük ki, boş yer axtaraq, öz stadionumuzu tikək. Biz Azərbaycan futboluna töhvə vermək üçün əlimizdən gələni etməyə hazırıq. Klubun məqsədi budur.
- Yeni stadion hansı ərazidə tikilə bilər?
- Binəqədidə yer tapmışıq. Təxminən 5-6 variant var. Çox güman ki, bayramdan sonra rəhbərliklə görüşüb qəti qərar verəcəyik. Çünki rəhbərliyin əsas fikri odur ki, tezliklə stadionumuz olsun.
Ramiq Ağaməmmədov