AZ

Uşağını diləndirən valideynləri hansı cəza gözləyir? – Hüquqi İZAH

Küçələrdə uşaqların diləndirilməsi uzun illərdir müzakirə olunan problemlərdəndir. Qanunvericilik dəyişikliklərində diqqətçəkən məqamlardan biri də bu uşaqların qorunması məsələsidir. Mütəxəssislər bildirirlər ki, uzun müddət küçə mühitində olmaq, diləndirilmək uşaqların psixologiyasına mənfi təsir göstərir, onların cəmiyyətə və təhsil mühitinə uyğunlaşmasını çətinləşdirə bilir.

Bəs onların təhsil və sosial təminatı üçün hansı mexanizmlər var?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Rəhim Xoyski bildirir ki, uşaqların dilənçiliyə cəlb edilməsi  ciddi qanun pozuntusu hesab olunur:

“İnzibati Xətalar Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayanın dilənçiliyə, habelə digər antisosial hərəkətlərə cəlb edilməsi məsuliyyət yaradır. Buna görə 50 manatdan 90 manatadək cərimə və ya 5 gündən 15 gündən inzibati həbs tətbiq edilə bilər. Həmin məcəlləyə görə, uşaqların təlim-tərbiyəsi üzrə vəzifələrin yerinə yetirilməməsinə görə valideynlərə xəbərdarlıq edilir və ya cərimə olunur. Hətta onlar valideynlik hüquqlarından məhrum edilə bilərlər.

Uşaqların hüquqlarının qorunması və dilənçilik hallarının qarşısının alınması sahəsində Yerli İcra Hakimiyyətləri yanında fəaliyyət göstərən "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar” və polis inspektorları fəaliyyət göstərir”.

Bu uşaqların təhsildən yayındırılmasına görə qanunvericilikdə hansı müddəalar var?

Hüquqşünasın sözlərinə görə, qanunla həmin uşaqların təhsilə qaytarılması məcburidir:
 

“İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinə əsasən, uşağın üzrsüz səbəbdən bir ay ərzində 7 gündən çox dərs buraxmasına görə valideynlər 100 manat məbləğində cərimə edilir”.


R. Xoyski qeyd edir ki, dövlət orqanları tərəfindən bu uşaqlar üçün xüsusi internat tipli müəssisələr və ya sosial sığınacaqlar vasitəsilə təhsilin bərpası üçün addımlar atılır.

Xədicə Paşayeva, Bizim.Media

Seçilən
26
1
bizim.media

2Mənbələr