İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ hərbi qüvvələrinin Bəndər-Abbasdakı bəzi ərazilərə hücum edərək, atəşkəsi pozmasını qınayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, İran XİN-in sözçüsü İsmayıl Bəqai bildirib ki, “İranın ərazi bütövlüyü və milli suverenliyinə qarşı yönələn bu təcavüzkar addımlar beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır”.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası ABŞ-ın hərəkətlərinə cavab olaraq, öz qanuni öhdəliyini yerinə yetirməlidir.
İran XİN sözçüsü ABŞ tərəfindən 8 aprel tarixində elan olunmuş atəşkəsin davamlı şəkildə pozulmasına, xüsusilə də Fars körfəzində və açıq sularda gəmiçiliyinə, eləcə də son bir neçə gündə İranın cənub bölgələrinə qarşı hava hücumlarına diqqət çəkərək, İran İslam Respublikasının BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq suverenliyin və ərazi bütövlüyünün müdafiəsi üçün bütün zəruri tədbirləri görməkdə qətiyyətli olduğunu vurğulayıb.
Bəqai ABŞ Prezidenti Trampın Omana qarşı hədələyici bəyanatını pisləyib və həmrəyliyini ifadə edib.