AZ

İstilik dalğaları Almaniya iqtisadiyyatına 100 milyard avrodan çox zərər vura bilər

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Berlin, 28 may, AZƏRTAC

Almaniyada artan istilik dalğaları yaxın illərdə ölkə iqtisadiyyatı üçün ciddi risklər yarada bilər.

AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, bu barədə məlumat dünyanın aparıcı kredit-sığorta şirkətlərindən olan “Allianz Trade”in araşdırmasında əksini tapıb.

Araşdırmaya əsasən, son onillikdə müşahidə olunan ekstremal istilər təkrarlanacağı təqdirdə, 2030-cu ilədək Almaniya iqtisadiyyatı təxminən 112,5 milyard avro dəyərində itki ilə üzləşə bilər. Yüksək temperatur müəssisələr üçün ikili yük yaradır. Bir tərəfdən əmək məhsuldarlığı azalır, digər tərəfdən isə soyutma tələbatının artması səbəbindən enerji xərcləri yüksəlir. Araşdırmaya əsasən, temperatur 30 dərəcəni hər əlavə bir dərəcə keçdikdə məhsuldarlıq orta hesabla 3 faiz azalır, enerji xərcləri isə təxminən 1,2 faiz artır.

Tədqiqatın müəllifləri hesab edirlər ki, istilik dalğaları dövlət büdcəsinə də mənfi təsir göstərir. Belə ki, büdcənin vəziyyəti hər il orta hesabla ümumi daxili məhsulun 0,9 faizi həcmində pisləşə bilər. Bu baxımdan növbəti dörd il ərzində Almaniyada ümumi daxili məhsulun 3 faizə qədər azala biləcəyi vurğulanır.

Ekspertlər bildirirlər ki, uzun illər soyuq iqlim şəraitinə uyğun inkişaf edən Avropa istilərə kifayət qədər hazır deyil. Buna görə də iqlim dəyişikliklərinə uyğunlaşma, infrastrukturun modernləşdirilməsi və müəssisələrin qorunması iqtisadi siyasətin əsas prioritetlərindən birinə çevrilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
azertag.az

1Mənbələr