AZ

Əbədi və sarsılmaz müstəqillik: “Müsəlman Şərqində ilk dəfə olaraq...”

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

28 May Azərbaycan dövləti üçün xüsusi tarixi əhəmiyyət daşıyır.

1918-ci ildə Azərbaycan xalqı Şərqdə ilk olaraq müstəqillik bayrağını ucaltdı və Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. 

Milli Məclis sədrinin müavini, tarix elmləri doktoru, professor Musa Qasımlı "Cebheinfo.az"-a bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinin, müsəlman Şərqində ilk dəfə olaraq respublika idarə üsulunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının böyük tarixi əhəmiyyətini və xalqımızın sonrakı bütün taleyinə təsirini düzgün bilməkdən ötrü təxminən son 200 illik tariximizə baxmaq lazımdır:

"Birincisi, Azərbaycanın şimal hissəsi xanlıqlar formasında Rusiya imperiyası tərəfindən işğal edilib ilhaq edilsə də, amansız müstəmləkəçilik siyasəti yürüdülsə də, bu tayda millətləşmə prosesi, ümmətçilikdən millətçiliyə keçid sürətli oldu. Dövlətin qurulması üçün zəruri maddi amillər – ərazi, əhali vardı. Azərbaycan xalqının sayı Qafqazda digərlərindən bir neçə dəfə çox idi.

Birinci Dünya müharibəsinin sonlarında yaranmış şəraitdən yararlanan xalqımızın qabaqcıl ziyalılarının, ictimai-siyasi xadimlərinin – Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digərlərinin səyləri ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının elan edilməsi və hökumətin qurulması qaranlıqda yandırılan çıraq oldu.

Xanlıqlar formasında işğal edilmiş Azərbaycan torpaqları və xalqı cümhuriyyətin qurulması ilə tək millət, tək dövlət və tək vətən oldu. Azərbaycan xalqı Dövlət Millətinə çevrildi. Müsəlman Şərqinə cümhuriyyət məfkurəsini, idarə üsulunu millətimiz gətirdi.Cümhuriyyətin elan edilməsi, Bakının azad olunması və dövlət müstəqilliyinin Parisdə de-fakto tanınması təkcə 1918-1920-ci illərin üç böyük tarixi hadisə deyil, bütövlükdə XVIII əsrdən bəri yürüdülən siyasətin sonunun başlanğıcı, qaranlıqdan aydınlığa çıxmaq idi.

İkincisi, 1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi ilə dövlət müstəqilliyinə son qoyulsa da, üçrəngli bayraq qadağan edilsə də, Azərbaycan Sovet Sosialist Respublikası yaradılsa da, dövlətçiliyin bəzi atributları tam ləğv edilmədi, formal olsa da, saxlanıldı.

Üçüncüsü, Sovet hakimiyyətinin və kommunist ideologiyasının heç cür qəbul edə bilmədiyi, düşmən bildiyi, müstəqillik rəmzi olan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının hələ Sovet sisteminin, kommunist ideologiyasının və SSRİ-nin mövcud olduğu bir şəraitdə ilk dəfə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” ifadələrinin çıxarılması  dinc, parlament inqilabı olub, təkcə xalqımızın taleyinin dəyişməsində deyil, bütövlükdə dünyanı uzun illər boyu lərzəyə salan sovet imperiyasının əsaslarının dağıdılmasında mühüm rol oynadı.

Cümhuriyyətin atributlarının qəbul edilməsi Bakıya təklif edildi. Bu hadisə xalqımızın  yoluna işıq tutulması, inkişafının düzgün müəyyənləşdirilməsi və Cümhuriyyətə, deməli, müstəqilliyə qayıdış idi.

Cümhuriyyət xadimləri sağ olsaydılar heç bir ideoloji fərqlərə baxmadan arzularını həyata keçirən, o zaman hələ Kommunist Partiyasının üzvü olan Heydər Əliyevə  minnətdarlıq edərdilər. Dahilər xalqının maraqlarını, müstəqil yaşamağı hər hansı bir  ideologiyadan daim üstün tuturlar, onun fövqündə dayanırlar". 

Onun sözlərinə görə, 1991-ci il oktyabrın 18-də parlamentin 258 üzvünün “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktına səs verməsi və Cümhuriyyətin varisi elan edilməsi ilə Azərbaycan SSR tarixə qovuşdu:

"Azərbaycanın müstəqilliyi üçün zəruri olan maddi amillər – ərazi, əhali və hökumət Azərbaycan Sovet Sosialist Respublikasının coğrafi-siyasi sərhədləri daxilində formalaşmışdı. Dövlət müstəqilliyimiz həmin ərazidə   bərpa edildi. Lakin 1991-1993-cü illərdə müstəqil dövlət quruculuğu Ermənistanın hərbi təcavüzünün davam etməsi və ərazilərin işğalı ilə paralel olaraq çox çətin getdi.

Qarşıya qoyulan başlıca məqsədlərə nail olunmadı. Daxili və xarici amillərin təsiri altında dövlət müstəqilliyi itirilmək, ölkə separatçılıqla parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı, sabaha ümidsizliklərlə dolu zülmət çökdü. 

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması qaranlıqda işıq oldu. Müstəqil dövlət itirilməkdən və ölkə xaricdən dəstəklənən separatçılıqla parçalanmaqdan xilas edildi. Güclü dövlət yaradıldı. Ali məqsəd ərazilərin işğaldan azad edilməsi müəyyənləşdirildi.

Nəhayət, Prezident İlham Əliyevin liderliyində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də uğurla həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazilərimizin işğaldan tamamilə azad edilməsi, separatçılığın kökünün birdəfəlik kəsilməsi ilə xalqımızın taleyi dəyişdirildi, tariximizdə yeni bir dövr başladı.

Prezident İlham Əliyev bu zəfərlə əsrlər boyu xalqımıza qarşı quraşdırılan planları darmadağın etdi. Müstəqillik günündə son 200 illik tariximizə qıza nəzər yetirilməsindən çıxarılan başlıca nəticə ondan ibarətdir ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik, dünya mədəniyyəti yaradan xalqımızın inkişaf yolu hamar deyil, ağır və mürəkkəbliklərlə dolu olsa da, qırılma anında meydana çıxan güclü liderlər qaranlıqda işıq olaraq, onu bütün burulğanlardan çıxarıb və taleyini dəyişiblər. 

Millətimizin tərəqqisinin, qarşısına qoyduğu başlıca məqsədlərə çatmasının təməlində sabitlik, güclü dövlət və qüdrətli dövlət rəhbəri amili dayanır. Ona görə də bütün tərəfləri ilə bizim olan tariximizə üzvi əlaqədə baxılması, səhvlərdən düzgün nəticələrin çıxarılması, onların bir daha təkrar edilməməsi və millətimizi hədəflərinə çatdıracaq işıqlı siyasətin davam etdirilməsi zəruridir. Millətimizin yolundan işıq heç bir zaman əskik olmasın".

Nigar Abdullayeva

"Cebheinfo.az"

Açar sözlər:

28 May Musa Qasımlı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr