Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) mayın 30-dan Ermənistandan təzə pomidor, xiyar, bibər, göyərti bitkiləri və çiyələyin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edir.
"Report" xəbər verir ki, bu barədə "Rosselxoznadzor" bildirib.
"Qərar Ermənistan meyvə-tərəvəz məhsullarının tədarükü zamanı pozuntuların artması ilə əlaqədar və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edilib", - qurumdan vurğulanıb.
"Rosselxoznadzor"da həmçinin qeyd edilib ki, mayın 21-dən 27-dək Ermənistan müəssisələrinin inspeksiyası aparılıb və bu müddət ərzində Avrasiya İqtisadi İttifaqı ölkələri üçün təhlükəli olan karantin obyektlərinin istixana komplekslərində aşkar edilməsi daxil olmaqla, bir sıra pozuntular müəyyən edilib.
Qurumun məlumatına görə, 2026-cı ildə Ermənistan meyvə-tərəvəz məhsullarının idxalı zamanı karantin obyektlərinin aşkarlanmasının 181 halı qeydə alınıb.
Bundan əlavə, Rusiya tərəfi tədarüklərin izlənilməsi ilə bağlı problemlərə diqqət çəkərək qeyd edib ki, məhsulların əhəmiyyətli hissəsi mülkiyyət forması müəyyən edilməmiş şirkətlər tərəfindən ixrac olunur və bu şirkətlər karantin fitosanitar nəzarətindən yayınırlar.
"Rosselxoznadzor"dan əlavə edilib ki, məhdudiyyətlər tədarük olunan məhsulların təhlükəsizliyini təmin edən mexanizm işlənib hazırlanana qədər qüvvədə qalacaq.