AZ

Tramp administrasiyası prokurorlara Venesuela lideri ilə bağlı araşdırmaları dayandırmağı tapşırıb

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası federal prokurorlara Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigeslə bağlı araşdırmaları dayandırmaq göstərişi verib.

Bizimyol.info xəbər verir ki, "Associated Press"in yaydığı məlumata görə, qərar Vaşinqtonla Karakas arasında münasibətlərin yumşalması fonunda qəbul olunub.

Mənbələrin bildirdiyinə görə, Rodriges uzun illər ABŞ Narkotiklərlə Mübarizə Agentliyinin (DEA) diqqət mərkəzində olsa da, ona qarşı indiyədək rəsmi ittiham irəli sürülməyib. Ədliyyə Nazirliyi isə bildirib ki, onun barəsində bağlanacaq hər hansı aktiv istintaq mövcud olmayıb.

Qərarın əsas səbəblərindən biri Tramp administrasiyasının Venesuelada siyasi sabitliyi qorumaq və ölkəni ABŞ investisiyalarına açmaq istəyi hesab olunur. Xüsusilə Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Vaşinqton Rodrigeslə əməkdaşlığı gücləndirməyə çalışır.

Son aylarda ABŞ Rodrigesə qarşı tətbiq edilən sanksiyaları ləğv edib və onu Venesuelanın legitim rəhbəri kimi tanıyıb. Bu addım ona beynəlxalq maliyyə sistemi ilə əlaqələri bərpa etməyə və ABŞ enerji şirkətləri ilə əməkdaşlığı genişləndirməyə imkan yaradıb. Prezident Donald Tramp isə sosial şəbəkədə Rodrigesi “əla iş görən lider” adlandıraraq iki ölkə arasında münasibətlərin yaxşılaşdığını vurğulayıb.

Bununla yanaşı, ABŞ daxilində qərarla bağlı narazılıq da artır. Demokrat senatorlar Cinn Şahin və Elizabet Uorren administrasiyanı Rodrigesə münasibətdə yumşaq siyasət aparmaqda tənqid ediblər. Onlar Rodrigesi Maduronun repressiv hakimiyyətinin əsas fiqurlarından biri adlandıraraq, sanksiyaların ləğvi üçün demokratik islahatların həyata keçirilmədiyini bildiriblər.

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmisi Rik de la Torre isə hesab edir ki, ABŞ Rodrigesə müvəqqəti siyasi dəstək verməklə Venesuelada demokratik keçid və iqtisadi əməkdaşlıq üçün zəmin yaratmağa çalışır. Bununla belə, o qeyd edib ki, Rodriges gələcəkdə hüquqi məsuliyyətdən tam yayınmaya bilər.

DEA sənədlərinə əsasən, Rodrigesin adı illər ərzində narkotik ticarəti, çirkli pulların yuyulması və korrupsiya ilə bağlı müxtəlif araşdırmalarda hallanıb. Lakin Tramp administrasiyasının hazırkı siyasəti Venesuelada siyasi və iqtisadi sabitliyi prioritet hesab edir.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
icma.az

1Mənbələr