ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində yeni addımlar atılır. Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, aqrar təhsil sahəsində ikili diplom proqramlarının genişləndirilməsi və xarici universitetlə birgə yeni universitetin yaradılması nəzərdə tutulur. Plana görə, 2026-2030-cu illərdə bu proqramlar üzrə təhsil alan tələbələrin sayı artırılacaq və ən azı iki nüfuzlu universitetlə əməkdaşlıq qurulacaq.
Bu addım həm aqrar sahədə peşəkar kadr hazırlığını gücləndirə, həm də kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinə təkan verə bilərmi? Yeni universitet hansı bölgədə yaradıla bilər və beynəlxalq təhsil modeli Azərbaycanın kənd təsərrüfatının inkişafına necə təsir göstərəcək?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, cənab Prezidentin sədrliyi ilə kənd təsərrüfatı sahəsinə dair keçirilən müşavirədə dövlət başçısı bir sıra tapşırıqlar verib. Həmin tapşırıqlardan biri aqrar sektorun potensialının artırılması və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi ilə bağlı olub.
Deputat qeyd edib ki, müşavirənin keçirildiyi gün dövlət proqramının təsdiqlənməsi bu sahədə strateji yanaşmanın mövcud olduğunu göstərir:“Bu yanaşma eyni zamanda təhsil müəssisələrinin gücləndirilməsi və xüsusilə insan kapitalının inkişafına xidmət edir. Burada əsas məqsəd aqrar sahə üzrə peşəkar kadrların hazırlanması, daha texnoloji yanaşmaların tətbiqi və kənd təsərrüfatının inkişafının təmin edilməsidir”.
V.Bayramov vurğulayıb ki, hazırda Azərbaycanda aqrar təhsil verən universitet fəaliyyət göstərir və həmin ali təhsil müəssisəsi Gəncə şəhərində yerləşir: “Əsas məqsədlərdən biri universitetin potensialının artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və xarici əlaqələrin gücləndirilməsidir. Beyin mərkəzlərinin və tədqiqat institutlarının da bu sahəyə cəlb olunması nəzərdə tutulur. Məqsəd kənd təsərrüfatı sahəsində daha sistemli elmi tədqiqatların aparılması və elmi yanaşmanın tətbiq edilməsidir”.
Millət vəkili bildirib ki, proqram çərçivəsində yeni aqrar universitetin yaradılması ilə bağlı qərar qəbul olunarsa, həmin ali təhsil müəssisəsinin bölgələrdən birində fəaliyyət göstərəcəyi gözlənilir: “Çünki hazırda mövcud olan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kifayət qədər geniş bazası var və onun imkanlarının daha da artırılması istiqamətində işlər davam etdirilir. Bununla yanaşı, yeni universitet yaradılacağı təqdirdə, onun regionlardan birində yerləşməsi daha məqsədəuyğun hesab olunur”.
Oğuz Ayvaz
“AzPolitika”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.