AZ

Sosial şəbəkələrin “gücü”

Son illər insanlar restoran, kafe və müxtəlif xidmətləri seçərkən əsasən internetdəki rəylərə baxırlar və çox vaxt qərarı da məhz bu rəylərə əsasən verirlər.

"Cebheinfo.az"-ın araşdırmasına əsasən, “Google”, “Instagram”, “TikTok” və digər platformalarda yazılan ulduzlar, şərhlər və qısa fikirlər biznesin “ilk görüntüsünü” formalaşdırır və müştərinin seçimində ciddi rol oynayır. 

Amma problem ondadır ki, bu rəylərin hamısı həmişə real müştəri təcrübəsini əks etdirmir və getdikcə “saxta rəy bazarı” adlanan bir sistem formalaşıb.

Bəzi bizneslər daha çox müştəri cəlb etmək və rəqiblərdən üstün görünmək üçün süni şəkildə müsbət rəylərdən istifadə edirlər.

Bu rəylər müxtəlif üsullarla yaradılır: bəzən müştəriyə endirim, bonus və ya hədiyyə qarşılığında “5 ulduz” yazması xahiş olunur, bəzən isə ümumiyyətlə həmin məkana getməyən insanlara pul verilib hazır mətnlər yazdırılır. 

Hətta bir çox hallarda fake hesablar açılaraq eyni cümlələr təkrar-təkrar paylaşılır və bu, profilin daha etibarlı görünməsinə səbəb olur.Belə vəziyyətdə yeni açılan bir restoran qısa müddətdə çox yüksək reytinq toplaya bilir, halbuki real müştəri sayı o qədər də çox olmur. 

Sosial şəbəkələrdə isə bu proses daha sürətli yayılır, çünki bir influencer paylaşımı ilə paralel olaraq yüzlərlə tərif dolu komment yazıla bilir və bu da trend görüntüsü yaradır.

Nəticədə internetdə yüksək reytinqli görünən bir çox yer əslində real xidmət keyfiyyətini tam əks etdirmir. Bu isə digər tərəfdən ədalətsiz rəqabət yaradır, çünki həqiqətən yaxşı xidmət göstərən, amma süni rəylərdən istifadə etməyən bizneslər daha aşağı görünə bilər və müştəri itirə bilər.

Bu sistemin başqa bir problemi də odur ki, müştərilər çox vaxt yalnız ulduz sayına baxaraq seçim edirlər və rəylərin məzmununu dərindən oxumurlar. Halbuki bəzən 5 ulduzlu profillərin altında çox qısa, ümumi və təkrarlanan cümlələr olur, real təcrübəni əks etdirən detallı şərhlər isə daha az görünür.

“Google” və digər platformalar saxta rəyləri aşkar edib silməyə çalışsa da, bu həmişə asan olmur, çünki bəzi süni rəylər real insan davranışına çox bənzəyir.Beləliklə “saxta rəy bazarı” həm biznes mühitini, həm də müştəri seçimlərini birbaşa təsir edən görünməz bir marketinq formasına çevrilib.

Ona görə də mütəxəssislər tövsiyə edir ki, insanlar seçim edərkən təkcə ulduzlara güvənməsinlər, rəylərin məzmununa, detallara, həm müsbət, həm də mənfi rəylərin balansına baxsınlar və mümkün qədər real təcrübəni əks etdirən şərhləri nəzərə alsınlar.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr