AZ

“Azərbaycanlılar dünyanın ən zərif xalqıdır” – Sabiq nümayəndə ilə MÜSAHİBƏ

Musavat.com-un növbəti həmsöhbəti Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlcuk Karakılıçdır. Onunla müsahibəni təqdim edirik:

– Səlcuk bəy, istərdim söhətimizə Türkiyə-Azərbaycan yaxınlığından, qardaşlığından danışmaqla başlayaq. Türkiyə ilə Azərbaycanın ortaq cəhətləri, mənəvi bağı ən çox nədə özünü göstərir?

– Hər şeydən öncə onu deyim ki, Türkiyə və Azərbaycan bir millətin iki qardaş xalqıdır. Hər nə qədər eyni millətin övladları olsaq da, bir ailənin içində belə fərqliliklər olur. Qardaşların biri digərindən fərqli ola bilir. Amma Türkiyə və Azərbaycan dünyada bir-birinə ən çox bənzəyən, hətta “əkiz xalqlar” deyə biləcəyim nadir xalqlardandır. Biz Oğuz qrupuna mənsubuq. Türk dünyası ilə bağlarımız nə qədər güclü olsa da, bizi həmin dünyaya bağlayan əsas körpü Azərbaycandır.

Məni Azərbaycana ən çox cəlb edən isə Azərbaycanın milli ənənələri oldu. Bir xalqın mədəniyyətini ən yaxşı onun gündəlik davranışlarından anlaya bilərsiniz. Məsələn, birindən nə isə xahiş edəndə bunu nəzakətlə edirsinizmi? Sizə yaxşılıq edənə təşəkkür edirsinizmi? Kimdənsə nəsə istəyərkən “zəhmət olmasa” deyirsinizmi? Bunlar bir xalqın mədəni xüsusiyyətlərini göstərən ən vacib əlamətlərdir.

Çünki insanların gündəlik münasibətlərdə istifadə etdiyi sözlər onların düşüncə tərzini və daxili dünyasını göstərir. Kobudluqla incəlik arasındakı fərq də xalqları bir-birindən ayıran əsas xüsusiyyətlərdən biridir. Məsələn, küçədə kimsə sizə toxunduqda və ya siz ona toxunduqda “bağışlayın”, “üzr istəyirəm” deyə bilirsinizsə, bu sizin nəzakətli bir dünyaya sahib olduğunuzu göstərir.

Bu baxımdan Azərbaycan xalqını dünyanın ən zərif və düşüncəli xalqlarından biri hesab edirəm. Xarici ölkəyə gedəndə bunu daha rahat hiss etmək olur. Çünki bu davranışlar sonradan yaranmır, insanın tərbiyəsindən və yetişdiyi mühitdən gəlir. Azərbaycanlı dostlarımız uşaqlıqdan bu mədəniyyətlə böyüyürlər və bu artıq onların həyat tərzinə çevrilir. Mənim Azərbaycanda ən çox sevdiyim xüsusiyyətlərdən biri də budur ki, texnologiyanın və modernizmin bu qədər təsir etdiyi dövrdə belə Azərbaycan öz ənənələrini qoruyub saxlayır. Ənənə burada hələ də yaşayır. Bu, bəzən müsbət, bəzən isə mənfi tərəfləri olan bir məsələdir. Çünki dəyişən dünyada çox sərt ənənələrə bağlı qalmaq da hər zaman yaxşı deyil. Amma bir xalqın öz ruhunu, kimliyini və daxili dünyasını qoruması məhz ənənələr sayəsində mümkün olur. Və məncə, Azərbaycanda bu damar çox güclüdür. Bu isə olduqca müsbət haldır. Azərbaycan insanı həm müasir dünyaya çox asan uyğunlaşır, həm də öz kimliyini güclü şəkildə qoruyub saxlaya bilir.

– Siz Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində çalışmısınız. Bakıya neçənci gəlişinizdir və burada işlədiyiniz dövrdə yadda qalan layihələr, hadisələr hansılar olub?

– Açığı, gəliş-gedişin sayını xatırlamıram, dəfələrlə gəlib-getmişəm. Amma 2020-2025-ci illər arasında kifayət qədər uzun müddət Bakıda çalışdım. Dediyiniz kimi, Türkiyənin Azərbaycandakı səfirliyinə bağlı Yunus Əmrə İnstitutunun Bakı nümayəndəsi olmuşam. Həmin dövrdə pandemiya vardı və buna görə də geniş fəaliyyət imkanlarımız çox olmadı. Ancaq 2023-cü ildən sonra hər şey normallaşdıqca Azərbaycanlı sənətçilərlə və qurumlarla ciddi əlaqələr quruldu.

Mənim heç vaxt unutmayacağım bir neçə hadisə var. Onlardan biri Heydər Əliyev Mərkəzində keçirilən "Uzun Həsən-Ağqoyunlu dövlətinin hökmarı" sərgisi idi. Həmin sərgi Uzun Həsənin 600 illiyi münasibətilə təşkil olunmuşdu. İstanbuldan onun istifadə etdiyi qılınc, qalxan kimi tarixi əşyalar gətirilmişdi. Mən də bu işdə kömək etmişdim. Həmçinin Osmanlı arxivlərindən sənədlərin gətirilməsində də iştirak etmişdim.

Heydər Əliyev Mərkəzi məncə Azərbaycanın birinci dərəcəli sənət məkanlarından biridir. İlk növbədə memarlığı ilə seçilir. Bir məqamı da deyim, Azərbaycan insanının estetik dünyası çox zəngindir. Siz burada yaşadığınız üçün bəlkə bunu hər zaman hiss etmirsiniz. Amma kənardan gələn biri bunu dərhal görür.

Heydər Əliyev Mərkəzi sadəcə “bir mədəniyyət mərkəzi tikək” düşüncəsi ilə yaradılmayıb. Təbii ki, Heydər Əliyevin adını daşıdığı üçün xüsusi önəmi var. Amma eyni zamanda Azərbaycanın estetik dünyasının və düşüncə zənginliyinin təcəssümüdür.

Bu mərkəz dünyaya verilən bir mesajdır: “Biz mədəniyyət sahəsində də varıq və bunu fərqli, orijinal formada təqdim etmək istəyirik”. Ora daxil olanda məkan insanı özünə çəkir. Çünki məkan insanın kimliyini əks etdirir. Həmin sərgidə təxminən min nəfər iştirak etmişdi və hamısı böyük diqqətlə sərgini izləyirdi. Daha sonra tələbələr də gəlib maraq göstərməyə başladılar. O zaman anladım ki, Azərbaycanda tarixə və milli keçmişə maraq çox yüksəkdir. Bu, mənim üçün unudulmaz hadisələrdən biri oldu.

Bir digər yaddaqalan tədbir isə Muğam Mərkəzində təşkil etdiyimiz Türkiyə-Azərbaycan dostluq konserti idi. Orada sadəcə mahnılar deyil, insanların münasibəti də diqqətimi çəkdi. Təxminən 400 nəfərlik salonda Azərbaycanın ən tanınmış sənətçiləri iştirak edirdi. Bu insanların işimizə dəyər verib tədbirə gəlməsi mənim üçün çox önəmli idi. Çünki həmin şəxslərin hər tədbirə qatılmadığını bilirəm. Mənim əsas məqsədim Türkiyə ilə Azərbaycan arasında güclü bir bağ qurmaq idi.

– Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirmək üçün nələr etmək olar?

– Hazırda Türkiyə ilə Azərbaycan münasibətləri tarixinin ən yaxşı dövrünü yaşayır. Bundan sonra görüləcək ən vacib işlərdən biri güclü məktəblər və ortaq təhsil layihələri yaratmaqdır. Xüsusilə dəqiq və təbiət elmlərinə diqqət yetirməliyik. Çünki dünya kiçilib və həm Türkiyə, həm də Azərbaycan çox həssas coğrafiyada yerləşir. Əgər elm sahəsində güclü olmazsaq, milli kimliyimizi qoruya bilərik, amma dünyada söz sahibi olmaq çətin olar.

Mən istəyərəm ki, Azərbaycanın güclü sənət potensialı ilə Türkiyənin elmi potensialı birləşsin. İnsanlar bir-birini yaxından tanımalıdır. Təkcə tədbirlər yetərli deyil. Bu işdə media, yazıçılar, sənət adamları da rol oynamalıdır.

Ən vacib məsələ isə gənclərdir. Onları doğru istiqamətləndirmək lazımdır. Konsertlər, teatrlar vacibdir. Amma ortaya qoyduğumuz işi dünya səviyyəsinə çıxarmalıyıq. İstər sənət əsəri olsun, istər elmi yenilik – onu Türkiyə və Azərbaycanın ortaq imzası ilə dünyaya təqdim etməliyik.

– Bakıda fəaliyyət göstərən Türkiyə-Azərbaycan Universiteti ilə bağlı fikirlərinizi bilmək istərdim?

– Bu, çox gözəl və vacib layihələrdən biridir. Orada türkiyəli müəllimlər Azərbaycanlı tələbələrə dərs deyirlər. Tədris proqramları Türkiyənin nüfuzlu universitetləri əsasında qurulub.Məsələn, Hacettepe Universiteti, İstanbul Texniki Universiteti və digər ali məktəblər bu layihədə iştirak edir. Azərbaycanlı tələbələr Türkiyəyə getmədən Türkiyə standartlarında təhsil alırlar. Bu, çox önəmli layihədir. Eyni zamanda Türkiyənin Azərbaycanda liseyləri fəaliyyət göstərir. Azərbaycanlı tələbələr Türkiyədə də çox oxuyurlar, xüsusilə tibb və mühəndislik sahələrində. Bizi gələcəyə aparacaq əsas məsələ yüksək səviyyəli məktəblər qurmaqdır. Çünki bir-birimizi yaxından tanımalıyıq. Bir Azərbaycanlı necə düşünür? Nələri sevir? Bir Türkiyə türkü hansı sənət əsərlərini bəyənir? Bunları bilmədən yaxınlaşmaq mümkün deyil. İnsanları tanımaq sadəcə bir neçə cümlə danışmaq deyil. Onun ruhunu başa düşməkdir.

Türkiyədə təhsil alan Azərbaycanlılar geri qayıdanda fərqli dünyagörüşü ilə gəlirlər. Türkiyədən Azərbaycana gələn tələbələr də Azərbaycanı əvvəl düşündükləri qədər tanımadıqlarını anlayırlar. Çünki bir xalqı televiziya və qəzetlə tanımaq mümkün deyil. O xalqın dilini bilməli, içində yaşamalısınız. Bu baxımdan universitetlərə, sənət mərkəzlərinə, media nümayəndələrinə və ziyalılara böyük iş düşür. Mən inanıram ki, yaxın 25 ildə Türkiyə və Azərbaycan Qafqazda və Orta Asiyada çox güclü dövlətlərə çevriləcəklər.

– Türk Dövlətləri Təşkilatı, ortaq əlifba və türk dünyasının gələcəyi barədə nə düşünürsünüz?

– Ortaq əlifba məsələsi həm Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycan Prezidenti İlham Əliyevin ortaq səyləri nəticəsində gündəmə gəldi. Bu iki lider təkcə öz ölkələrinin deyil, bütövlükdə türk dünyasının gələcəyini qururlar. Türk Dövlətləri Təşkilatının təməli də Azərbaycanda – Naxçıvanda qoyulub. Həm Rəcəb Tayyib Ərdoğan, həm də İlham Əliyev dəfələrlə deyiblər ki, “Türk dünyası bizim evimizdir”. Bu cür fikirləri dünya siyasətinin çətin dövründə açıq şəkildə söyləmək çox böyük məsuliyyətdir.

Türk dünyasının müxtəlif qolları – özbəklər, qazaxlar, qırğızlar və digərləri fərqli xüsusiyyətlərə malikdirlər. Amma hər xalqın güclü tərəfini birləşdirsək, gələcəkdə böyük nəticələr əldə edə bilərik. Məsələn, gələcəkdə ortaq bir savaş təyyarəsi istehsal edə bilərik. Motorunu Azərbaycan, elektron sistemini Türkiyə, başqa hissələrini digər türk dövlətləri istehsal edə bilər. Əsas məsələ ortaq düşüncə və ortaq məqsəddir. Mən inanıram ki, yaxın 25 ildə Türk Dövlətləri Təşkilatı daha güclü mövqeyə sahib olacaq.

– Azərbaycana bu dəfəki səfərinizin səbəbi nədir?

– Sadəcə dostlarımı görməyə gəlmişəm. Bayram günlərində Azərbaycanda olmaq istədim. Xüsusi səbəb yoxdur. Bəlkə, gələcəkdə Türkiyə-Azərbaycan ortaq duyğularına xitab edən tədbirlər təşkil oluna bilər. Amma hazırda sadəcə gəzməyə gəlmişəm.

– Azərbaycanlı sənətçilərdən kimlərlə dostluq münasibətləriniz var?

– Çox sənətçi ilə münasibətim var. Məsələn, Fəxrəddin Manafov çox xüsusi insanlardan biridir. Bəlkə kənardan fərqli görünə bilər, amma daxilən çox zəngin insandır. Ümumiyyətlə, sənət adamları fərqli insanlardır. Onlar daxilində müəyyən mübarizə yaşamasa, böyük sənət əsəri yarada bilməzlər. Yazıçı, rejissor, aktyor və ya şair olmaq üçün insanın daxilində bir ağrı, bir yaralı tərəf olmalıdır. Yaralı şüura sahib insanlar daha çox yaradırlar.

Fəxrəddin Manafov məncə Azərbaycan kinosunun yetişdirdiyi ən orijinal simalardan biridir. Onun düşüncə dünyasında insanı cəlb edən çox maraqlı tərəflər var. Onu yaxından tanımaq lazımdır. Gülyanaq Məmmədovanı da qeyd edə bilərəm. O, Türkmənistanda da çox sevilir. Hətta orada mükafat da almışdı.Çox ad var, indi hamısını xatırlamaq çətindir.

– Azərbaycan filmlərindən hansıları izləmisiniz?


– Çox film izləmişəm. Amma indi adlarını xatırlamaq çətin olur.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
83
50
musavat.com

10Mənbələr