AZ

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

Qahirə, 28 may, AZƏRTAC

Livan Səhiyyə Nazirliyi İsrailin ölkənin cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 9 nəfərin həlak olduğunu, 37 nəfərin isə yaralandığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, nazirliyin Təcili Tibbi Yardım Əməliyyatları Mərkəzinin yaydığı bəyanata əsasən, İsrailin ötən gün Sur şəhərinin əl-Bəs qəsəbəsinə hava hücumu nəticəsində 3 nəfər həyatını itirib, 37 nəfər yaralanıb. Yaralananlar arasında 8 uşaq və 13 qadının olduğu bildirilib. Sayda şəhərinin Ədlun qəsəbəsində avtomobilə endirilən zərbə nəticəsində daha 6 nəfər, o cümlədən iki uşaq və onların valideynləri həlak olub.

Rəsmi statistikaya əsasən, cari ilin mart ayının 2-dən etibarən İsrailin Livana qarşı hücumları nəticəsində ölənlərin sayı 3269 nəfərə, yaralananların sayı isə 9840 nəfərə çatıb.

Xatırladaq ki, İsrail hücumların Hizbullah tərəfindən olan təhdidlərin aradan qaldırılması məqsədilə həyata keçirildiyini bildirir.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
49
3
azertag.az

4Mənbələr