Ukrayna tərəfindən Rusiyanın dərinliklərinə dağıdıcı hərbi zərbələrin endirilməsi Kreml üçün ölkədaxili təhlükəsizlik problemləri yaradır... Rusiyanın böyük enerji və sənaye obyektləri daha əvvəlki kimi tam təhlükəsiz deyil, bu, Kreml üçün həm maliyyə-iqtisadi, həm də ictimai-siyasi təzyiq faktoruna çevrilir...
Ukrayna savaşı artıq "uzunmüddətli və hərbi potensialın tükəndirilməsinə yönəlik modelə" transformasiya olunmağa başlayıb. Belə ki, Rusiya-Ukrayna müharibəsi artıq yalnız cəbhə xəttində hərbi üstünlük uğrunda aparılan klassik silahlı münaqişə xarakterini ciddi şəkildə itirməkdədir. Çünki son proseslər onu göstərir ki, münaqişə tərəfləri paralel şəkildə bir-birinin strateji dayanıqlılığını zəiflətməyə yönəlmiş uzunmüddətli tükəndirmə savaşına keçid etməyə çalışırlar.
Onu da qeyd etmək lazımdır ki, xüsusilə də Kremlin rəsmi Kiyevə yönəlik son sərt açıqlamaları və Ukraynanın Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələrin intensivləşməsi bu savaşın yeni, həm də daha təhlükəli mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Ona görə də, Rusiya Xarici İşlər Nazirliyinin xarici ölkə vətəndaşlarını və səfirliklərini təcili şəkildə Kiyevi tərk etməyə çağırması Qərb siyasi dairələrində ciddi rezonans doğurub. Və Kremldən bildirilib ki, Rusiya artıq Ukraynanın hərbi-sənaye kompleksinə qarşı “ardıcıl və sistemli zərbələr” mərhələsinə keçir.
Bununla yanaşı, Kreml yalnız Ukraynanın hərbi istehsal müəssisələrini deyil, həm də “qərarvermə mərkəzləri”ni və komanda idarəetmə məntəqələrini hədəfə alacağını vurğulayıb. Bu təhdidkar açıqlama isə Kremlin ritorikasında aqressivliyə yönəlik önəmli dəyişiklik kimi qəbul edilir. Çünki indiyədək Rusiya əsasən enerji infrastrukturu, logistika xətləri, silah anbarları və müdafiə sənayesi obyektlərini hədəfə aldığını bildirirdi. İndi isə siyasi və hərbi idarəetmə sisteminin birbaşa hədəfə çevrilməsi ehtimalı gündəmə gətirilir. Və bu, savaşın daha yüksək eskalasiya mərhələsinə daxil olduğunu göstərən əsas əlamətlərdən biri hesab olunur.
Əslində, Rusiyanın bu aqressiv davranışları həm də siyasi-psixoloji və diplomatik təzyiq strategiyasının tərkib hissəsi kimi də qiymətləndirilir. Çünki xarici ölkə səfirliklərinin və beynəlxalq qurumların təhlükəsizlik riskləri səbəbindən Kiyevdə fəaliyyətlərini məhdudlaşdırması Ukraynanın beynəlxalq imicinə və iqtisadi sabitliyinə əlavə təzyiqlər yarada bilər. Və Kreml bununla həm Ukrayna cəmiyyətində qorxu mühiti yaratmağa, həm də Qərb ölkələrinə “müharibə daha da sərtləşəcək” mesajı verməyə çalışır.
Digər tərəfdən, Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlamaları isə onu göstərir ki, rəsmi Kiyev də artıq yalnız müdafiə mövqeyi ilə kifayətlənmək niyyətində deyil. Belə ki, Ukrayna lideri hərbi rəhbərliklə keçirdiyi müşavirələrdən sonra Rusiyanın arxa cəbhə bölgələrinə yeni zərbələr endiriləcəyini bildirib. Onun vurğulayıb ki, Rusiya Ukraynaya qarşı başladığı bu dağıdıcı müharibənin real neqativ nəticələrini mütləq öz üzərində hiss etməlidir.
Eyni zamanda, rəsmi Kiyevin xüsusilə də əsas diqqəti məhz Rusiyanın enerji sektoruna yönəltməsi qətiyyən təsadüfi deyil. Belə ki, son vaxtlar Ukrayna pilotsuz uçuş aparatları ilə Rusiyanın neft emalı zavodlarına, yanacaq bazalarına və digər enerji infrastrukturlarına ardıcıl hücumlar həyata keçirib. Rəsmi Kiyev hesab edir ki, Rusiya iqtisadiyyatının əsas dayaqlarından biri enerji ixracıdır və məhz bu sahəyə zərbə vurmaq Kremlin hərbi imkanlarını ciddi şəkildə zəiflədə bilər.
Bütün bunlar isə onu göstərir ki, hazırda münaqişə tərəfləri arasında artıq “strateji tükəndirmə savaşı” modeli formalaşmağa başlayıb. Belə ki, müharibənin ilk mərhələlərində əsas məqsəd ərazi nəzarəti və cəbhə xəttində irəliləyiş idi. Ancaq indi həm Kreml, həm də rəsmi Kiyev qarşı tərəfin uzunmüddətli müqavimət potensialını zəiflətməyə çalışır. Bu isə savaşın hazırda yalnız hərbi deyil, həm də iqtisadi, enerji, informasiya və siyasi-psixoloji müstəvilər üzrə paralel şəkildə davam etdiyini göstərir.
Ona görə də, prezident Volodimir Zelenskinin Ukraynanın daha 3-4 il davam edə biləcək müharibəyə hazır olmasının vacibliyini vurğulaması da məhz bu baxımdan, xüsusi maraq doğurur. Ukrayna rəhbərliyi anlayır ki, yaxın perspektivdə sürətli sülh razılaşması ehtimalı zəifdir. Ona görə də, rəsmi Kiyev həm Ukrayna cəmiyyətini uzunmüddətli müharibə reallığına uyğunlaşdırmağa, həm də buna paralel olaraq, Qərbdəki müttəfiqlərinə davamlı hərbi dəstəyin vacibliyi barədə mesajlar verməyə çalışır.
Bu baxımdan, Qərb ölkələrinin son proseslərdən artan narahatlığı da əslində, qətiyyən təsadüfi deyil. Çünki Ukrayna müharibəsinin daha dağıdıcı mərhələyə keçməsi Avropanın enerji təhlükəsizliyi, Qara dəniz regionunun sabitliyi və NATO-Rusiya münasibətləri üçün də əlavə hərbi-siyasi risklər yaradır. Və xüsusilə də Rusiyanın “qərarvermə mərkəzləri” barədə təhdidkar davranışları Qərbdə Kremlin Ukraynanın hərbi-siyasi rəhbərliyinə qarşı daha radikal ssenarilər hazırlaya biləcəyi ilə bağlı ehtimalları gücləndirib.
Bütün bunlara paralel olaraq, Ukraynanın da Rusiya ərazisinin daha dərinliklərinə dağıdıcı hərbi zərbə imkanlarını genişləndirməsi isə Kreml üçün ölkədaxili təhlükəsizlik problemləri yaradır. Çünki Ukraynanın son hücumları hazırda onu göstərdi ki, Rusiyanın böyük enerji və sənaye obyektləri artıq əvvəlki kimi tam təhlükəsiz deyil. Və bu vəziyyət Rusiya üçün həm maliyyə-iqtisadi, həm də ictimai-siyasi sabitlik baxımından, əlavə təzyiq faktoruna çevrilir.
Bütün bunlar onu göstərir ki, yaxın vaxtlarda savaşın intensivliyi daha da arta bilər. Çünki münaqişə tərəflərinin təhdidkar ritorikası kompromisdən daha çox qarşılıqlı zəiflətmə strategiyasına əsaslanır. Yəni, indiki mərhələdə nə Kreml, nə də rəsmi Kiyev geri çəkilməyə qətiyyən hazır görünmür. Əksinə, hər iki tərəf hesab edir ki, zaman faktoru və rəqibin həm hərbi, həm də iqtisadi resurslarının zəifləməsi gələcək geopolitik nəticələri də böyük ölçüdə müəyyən edə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
