“Qarabağ”ın növbəti mövsüm üçün radikal dəyişiklərə əl atacağı hələ bir neçə ay əvvəldən bəlliydi.
“Köhlən atlar”ın Çempionlar Liqasında yaşadığı möhtəşəm mövsümün ardından həm premyer-liqada, həm də ölkə kubokunda uğursuzluğa düçar olması heyətlə bağlı islahatları labüd etmişdi. Odu ki, məğlubiyyətlə barışmayan, daim böyük hədəflər uğrunda mübarizə aparan və azarkeşlərini uğura öyrəşdirən baş məşqçi Qurban Qurbanovun mövsüm başa çatar-çatmaz hərəkətə keçməsi, yeni hekayənin ön sözünə “qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq” ifadələrini qeyd etməsi sürpriz olmadı.
Artıq ciddi dəyişikliklər baş verib. Ramil Şeydayev, Emmanuel Addai və Sami Mmae ilə yollar ayrılıb. Toral Bayramov “Bursaspor”a keçib. Tezliklə Abbas Hüseynov və Elvin Cəfərquliyevə də qapının göstəriləcəyi gözlənilir. Hər halda, onlar uzun müddətdi əvəzedici heyətə göndərilib. Lakin islahatların bununla yekunlaşmayacağı dəqiqdi. Düzdü, Elvinin yenidən əsas heyətdə görünməsi mümkündü, ancaq zəif ehtimaldı...
Həm avrokuboklarda, həm premyer-liqada, həm də ölkə kubokunda uğurlu “futbol ili” keçirməyə hazırlaşan “köhlən atlar” müqavilə müddəti bitən futbolçular Şahruddin Məhəmmədəliyev və Bədavi Hüseynovla da vidalaşmalıdı. Yanlış transfer siyasətinin nəticəsi kimi heyətdə olan Aleksey Kaşuk da özünə yeni komanda tapmalıdı. “Konyaspor”la böyük ölçüdə razılığı gəldiyi iddia olunan Marko Yankoviçi, artıq “barıtı tükənən” Kevin Medinanı da unutmaq olmaz. Onlar da getməlidi.
Heç şübhəsiz, həmin ayrılıqlardan sonra yeni futbolçularla güclənəcək “Qarabağ” tarix yazmağa, itirdiyi mövqeləri bərpa etməyə hazır olacaq. Əks halda, ağdamlıların növbəti uğursuz mövsümünə şahidlik edə bilərik ki, ardıcıl iki “futbol ili”ni nailiyyətsiz başa vurmaq “Qarabağ”a yaraşmayacaq. Qurban Qurbanov demişkən, bura “Qarabağ”dı, uşaq baxçası deyil!
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta